Dövlət güzəşti ilə satılan kənd təsərrüfatı texnikalarının sayı artırılıb
Bakı, 30 aprel, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikalarının siyahısını genişləndirib.
AZƏRTAC xəbər verir ki, yenilənmiş siyahıda 11 təyinat istiqaməti üzrə 60-dan çox texnika və avadanlıq növü yer alıb.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev siyahıdakı yenilikləri belə şərh edib: “Əgər fermer və sahibkarlar əvvəllər yalnız “Aqrolizinq” xətti ilə 40-a yaxın adda texnika və avadanlığı dövlət güzəşti ilə əldə edə bilirdisə, indi istədikləri təchizatçıdan kənd təsərrüfatı təyinatlı istənilən texnikanı güzəştlə alacaqlar. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hazırlanmış və dövlət başçısının təsdiqlədiyi siyahı kənd təsərrüfatı texnikası satışının liberallaşdırılması istiqamətində atılmış növbəti əhəmiyyətli addımdır. Genişlənmiş siyahı fermer və sahibkarlara ölçüsündən və qiymətindən asılı olmayaraq istədikləri texnika və avadanlığa dəyərinin 40 faizi dövlət tərəfindən ödənilməklə sahib olmaq imkanı verir”.
Agentlik sədri xatırladıb ki, dövlət başçısının 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş qaydalara görə, alqı-satqı zamanı kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizini təchizatçı şirkətə dövlət ödəyir. Alıcı məbləğin cəmi 20 faizini ilkin ödəniş etməklə texnikaya sahib olur.
Texnikanın qiymətinin yerdə qalan 40 faizi məbləğində alıcıya güzəştli kredit xətti açılır, lakin kreditin faizləri dövlət tərəfindən banka köçürür, texnika sahibi isə yalnız əsas məbləği 5 ilədək müddətdə hissə-hissə ödəyir.
Kənd təsərrüfatı texnikası alışına tətbiq edilən dövlət güzəştləri barədə ətraflı məlumat akia.gov.az saytında yerləşdirilib.