ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydiyyat aparılır
Bakı, 2 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) informatika, kimya, fizika, biologiya, coğrafiya, tarix və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat aparılır.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, kurslarda iştirak üçün qeydiyyat oktyabrın 23-ü saat 23:59-dək davam edəcək. Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji istiqamətdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və magistrantları iştirak edə bilərlər.
Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyatdan keçmək lazımdır.
Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatı DİM-in elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Bu iştirakçılar müqavilə əsasında ekspert və ya marker kimi DİM-lə əməkdaşlığa cəlb olunaсaqlar.