Dövlət Komitəsinin sədr müavini: Müharibədən zərər çəkmiş 300-dən çox ailə və 600-dan çox uşaq psixo-sosial qiymətləndirilmədən keçirilib

Bakı,15 may, Günel Türksoy, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətində prioritet istiqamətlərdən biri də həssas qrupdan olan, aztəminatlı ailələrlə işin aparılmasıdır. Bu istiqamətdə aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün aidiyyəti orqanlarla birlikdə tədbirlərin görülməsinə, o cümlədən uşaqların sağlam böyüməsinə, onların müasir tələblər səviyyəsində təhsil almasına, zorakılıqdan müdafiəyə, xüsusilə də həssas qrupdan olan uşaqlar üçün bütün imkanların təmin edilməsinə önəm verilir. Buna görə də komitəyə daxil olan müraciətlər əsasında həssas qrupdan olan ailələrlə mütəmadi işlər aparılır.
Bunu AZƏRTAC-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. A. Sofiyeva xatırladıb ki, 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonrakı mərhələdə dövlət tərəfindən ailələrin, xüsusilə də münaqişədən, o cümlədən təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı terror hücumlarından zərər çəkən vətəndaşların sosial rifahının təmin olunması məqsədilə kompleks tədbirlər həyata keçirilib: “Şəhid ailələri və müharibə iştirakçıları üçün mənzil və sosial müavinət proqramları genişləndirilib, psixoloji reabilitasiya xidmətləri təşkil olunub, həmçinin sosial müdafiə sahəsində xüsusi mexanizmlər tətbiq edilib. Dövlət Komitəsi də öz növbəsində səlahiyyətləri çərçivəsində təmas xəttinə yaxın yaşayan, müharibədən zərər çəkmiş əhali təbəqəsi, o cümlədən şəhid ailələri ilə yaxından iş apararaq zərərçəkmiş ailələrin yanında olub, onların ehtiyaclarının müəyyən edilməsi məqsədilə psixososial iş aparıb və cəbhəyanı bölgələrə səfərlər təşkil edilib. Goranboy və Ağdam rayonları ərazisində müharibədən zərər çəkmiş 300-dən çox ailə və 600-dan çox uşaq psixososial qiymətləndirilmədən keçirilib. Azərbaycanın mülki əhalisinə qarşı baş vermiş erməni terroru ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə Dövlət Komitəsi tərəfindən beynəlxalq təşkilatlara bəyanatlar və müraciətlər ünvanlanıb, mətbuat konfransları keçirilib”.
Dövlət Komitəsinin sədr müavininin AZƏRTAC-a müsahibəsinin geniş variantı ilə bu linkdə tanış ola bilərsiniz.