İQTİSADİYYAT
Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yol əsaslı təmir edilmişdir
Bakı, 22 yanvar (AZƏRTAC ). “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində 2013-cü ilin dekabrın 10-da Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri başa çatmış, 256 kilometri yeni relslərlə əvəzlənmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov jurnalistlərə müsahibəsində demişdir.
QSC-nin sədri vurğulamışdır ki, Saloğlu-Poylu mənzilinin 73-cü kilometrində Kür çayı üzərindəki ikinci körpünün və körpü üzərindən keçən dəmir yolu xəttinin tikintisi, Çarxı-Sarvan mənzilinin 2508 -ci kilometrində Vəlvələçay üzərindəki dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin 98 -ci kilometrində Araz çayı üzərində yerləşən metal körpünün yenidən qurulması görülən işlər sırasındadır.
Bundan əlavə, dəmir yollarının təmiri və saxlanması məqsədilə Avstriyadan alınmış yeni GSM 09-32, RM-80 və USP-2000 markalı yol təmiri maşınları üçün Biləcəridəki motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri emalatxanasında anqar tikilib istifadəyə verilmişdir.