Dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak edənlərin nəticələri açıqlanıb
Bakı, 27 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 22-də keçirilən dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, qeydiyyatdan keçmiş 1.672 namizəddən 1.490-ı DİM-in (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının - TQDK) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbul olunub. Bu şəxslərdən 658-i (44.2 faiz) imtahandan uğurla keçib.
DİM-in rəsmi saytında verilmiş cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri yer alıb.
Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1.672 namizəddən 182-si ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olunmayıb. Onlardan yalnız 18-i (9.9 faiz) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 13-ü xaricdəki təhsil müəssisələrini, beşi isə ölkənin ali təhsil müəssisələrini bitirib.