ELM VƏ TƏHSİL
Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başlanır
Bakı, 24 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 24-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı bu gün saat 14:00-dan iyulun 22-si saat 11:00-dək aparılacaq.
İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metro stansiyasının yanı) ünvanında keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytındakı keçid vasitəsilə tanış olmaq olar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.