Dövlət satınalmaları sahəsində aparılan son islahatlar rəqabət və şəffaflığı artırır
Bakı, 29 yanvar, AZƏRTAC
Dövlət satınalmaları sahəsində aparılan son islahatlar rəqabət və şəffaflığı artırır.
Bu sözləri SOCAR-ın əmək şəraiti normalarının işlənməsi idarəsinin rəis müavini Rəşad Əsgərov "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilən son dəyişiklikləri AZƏRTAC-a şərh edərkən deyib.
O bildirib ki, bu qanunla ilk növbədə, dövlət satınalmaları üzrə şəffaflıq, əhatəlilik və rəqabətlilik təmin edilir: “Təhlillər göstərir ki, dövlət satınalmasında nəzərdə tutulan dəyişikliklər qabaqcıl təcrübəyə uyğun bütün müddəaları əhatə edir. Bu dəyişikliklərə təchizatçıların seçilməsi və qiymətləndirilməsi, müqavilə tələbləri, planlaşdırma sistemi və şikayətlərə baxılma qaydaları da daxil olmaqla satınalma vasitələri və icra prosedurlarına dair müddəalar daxildir.
Yeni satınalma prosedurlarının tətbiqi nəticəsində satınalma üzrə qaydalar ictimaiyyət tərəfindən müvafiq vasitələrlə sərbəst və asanlıqla əldə edilə bilir. Vahid internet portalı yerli və beynəlxalq satınalma təchizatçılarının satınalma üzrə bütün prosedur və məlumatlara əlçatanlığını əhəmiyyətli dərəcədə artırır. Dövlət satınalmaları üzrə yaradılacaq yeni təkmil platforma hökumətin satınalma planları, tenderdə iştirak imkanları, müqavilələrin bağlanması, satınalmalarla bağlı şikayətlərin həllinə dair bütün satınalma məlumatlarının ictimaiyyətə açıq olmasını təmin edəcək”.
R.Əsgərov qeyd edib ki, satınalmalarda başlıca şərtlərdən olan rəqabət təmin edilir və dövlət vəsaitlərindən səmərəli istifadə üzərində təkmil ictimai nəzarət mexanizmi yaradılır: “Xüsusilə satınalma idarəçiliyində, fəaliyyətin əlaqələndirilməsi və müfəssəlliyində olan irəliləyişlər səmərəlilik, xərclərə nəzarət baxımından həm dövlət, həm də biznes subyektləri üçün faydalı hesab olunmalıdır. Təhlillər göstərir ki, yeni dövlət satınalmaları üzrə tədbirlər hüquqi və tənzimləyici qanunvericilik aktlarının şəffaflıq və rəqabət üzrə tələblərinə tam cavab verir. Yeni satınalma sistemində rəqabət metodlarının aydın və standart qayda kimi müəyyənləşdirilməsi səmərəliliyin, şəffaflığın qiymətləndirilməsi üçün geniş imkanlar yaradıb. Bütövlükdə, dövlət satınalması üzrə yeni modelin tətbiqi ölkədə rəqabətli satınalma metodlarından istifadəyə imkan verir. Bundan başqa, ictimaiyyət tələblərə cavab verməyən iddiaçıların siyahısını, mallarla bağlı nümunə tender sənədlərini, sifarişçi təşkilatlar üçün təlimatı, tez-tez verilən sualları və digər satınalma məlumatları əldə edə bilərlər. Bu isə tam, real və vaxtında verilmiş satınalma məlumatlarına ictimaiyyətin əlçatanlığının artacağını deməyə əsas verir”.