CƏMİYYƏT
Dövlət Sosial Müdafiə Fondunda ahıl pensiyaçılarla görüş keçirilmişdir
Bakı, 1 oktyabr (AZƏRTAC). Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə ahıl pensiyaçılarla görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən DSMF-in sədri Səlim Müslümov Azərbaycanda həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçıların rifah halının getdikcə yaxşılaşdığını və onların pensiyalarının ilbəil artırıldığını vurğulamışdır.
Fondun sədri bildirmişdir ki, pensiyaçıların problemləri daim diqqət mərkəzində saxlanılır və pensiyaların ən mütərəqqi metodlarla təyin olunması və ödənilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda kənd yerlərində yaşayan pensiyaçıların 98,8 faizinin, şəhərlərdə yaşayan pensiyaçıların isə hamısının pensiyalarının plastik kartlarla ödənilməsi təmin olunmuşdur. Bu məqsədlə ümumilikdə 701, o cümlədən kənd və qəsəbələrdə 159 bankomat fəaliyyət göstərir.
DSMF-in sədri diqqətə çatdırmışdır ki, yeni sığorta-pensiya sisteminin tətbiqinə başlandığı 2006-cı ildən indiyədək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 7 Sərəncam verilmişdir. Pensiyaların artırılması istiqamətində atılan davamlı addımlar bütün ahıl pensiyaçıların yoxsulluq səviyyəsindən yuxarı məbləğdə pensiya almasına gətirib çıxarmışdır. Hazırda bu qəbildən olan vətəndaşların yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 190 manat təşkil edir.
S.Müslümov bildirmişdir ki, sentyabrın 30-na olan məlumata əsasən, Azərbaycanda əmək pensiyaçılarının 342 min 373 nəfəri ahıl vətəndaşlardır. Onlardan 207 min 269-u qadın, 135 min 104-ü isə kişidir. Ahıl pensiyaçıların 259 min 724-ü 70-80 yaş, 75 min 648-i 80-90 yaş arasındadır, 7001 nəfərin yaşı isə 90-dan yuxarıdır.
Ahıl pensiyaçıların bir çoxunun keçdiyi həyat yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayan fondun sədri bu insanlara ən xoş arzularını çatdırmış, onları maraqlandıran məsələlərə aydınlıq gətirmişdir.
Görüşdə iştirak edən pensiyaçılar da öz növbəsində ölkədə son illər pensiyaçıların sosial müdafiəsi istiqamətində görülən tədbirləri yüksək qiymətləndirmiş, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Sonda pensiyaçılara xatirə hədiyyələri təqdim olunmuşdur.