İQTİSADİYYAT
Dövlət Xidməti: Hərracda 13 faydalı qazıntı yatağı istifadəyə verilib

Bakı, 28 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən keçirilən növbəti hərracda 13 faydalı qazıntı yatağı istifadəyə verilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, istifadəyə verilən qazıntı yataqları bunlardır: Daşkəsəndə “Çovdar” (7 ha), Ağstafada “Yuxarı Salahlı” (22 ha), Tovuzda “Aşağı Zəyəmçay” (2 ha), Şəmkirdə “Aşağı Zəyəmçay” (4 ha), Şabranda “Gilgilçayın cənub-qərb cinahı” (18 ha), Siyəzəndə “Gilgilçayın cənub-qərb cinahı” (10 ha) və “Gilgilçay III” (2 ha), Qaxda “Kürmükçay” (18 ha), Qaradağda “Şahqaya” (3,7 ha) və “Şonqar” (7 ha), Tərtərdə “Söylən” (0,8 ha), İsmayıllıda “Bilistan II” (3,1 ha), Qəbələdə “Türyançay III” (4 ha).
Hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, “Türyançay III” qum-çınqıl yatağı üzrə təklif 8 min manatdan 15 min manata yüksəlib. Bununla yanaşı, start qiyməti 118 min 382 manat olan “Çovdar” keramika xammalı yatağı 121 min 90 manata istifadəyə verilib.
Hərracın nəticələri ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: https://clck.ru/35tBqB .