DÖVLƏTİMİZİN BAŞÇISI HEYDƏR ƏLİYEV TÜRK SƏNAYEÇİ VƏ İŞ ADAMLARI VƏQFİNİN FƏXRİ SƏDRİ SEÇİLMİŞDİR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 10-da Prezident sarayında Türk Sənayeçi və İş Adamları Vəqfinin (TÜSİAV) sədri Vəli Sarıtoprağın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı HEYDƏR ƏLİYEV dedi:
- Sizin Azərbaycana gəlişinizdən çox məmnunam. Proqramınıza baxdım, burada bir çox görüşlər keçirirsiniz və keçirmək istəyirsiniz. Təhsil Nazirliyində, Milli Elmlər Akademiyasında və başqa yerlərdə də görüşlər keçirmək istəyirsiniz. Bizim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında da maraqlı işlər var.
Səmimi qəbula görə Prezident Heydər Əliyevə minnətdarlığını bildirən və bu görüşdən böyük şərəf duyduğunu vurğulayan cənab VƏLİ SARITOPRAQ dedi:
-Möhtərəm cümhur başqanım, Sizinlə son dəfə iyunun 27-də Ankarada görüşdük. Siz orada çox gözəl bir nitq söylədiniz. Türk Sənayeçi və İş Adamları Vəqfinin bütün üzvləri Sizə hörmət və ehtiramlarını, salamlarını göndərdilər. Sizə cansağlığı, uzun ömür diləyirlər. Qardaş Azərbaycan xalqına da salamlarını çatdırmağı mənə həvalə etdilər.
Biz Sizə minnətdarıq, Sizi sevirik. Sizin cızdığınız yolla biz də getməyə çalışırıq. Sizin səyinizlə Azərbaycan ilə Türkiyə arasında əlaqələr gündən-günə möhkəmlənir.
Siz bizim çox sevdiyimiz dövlət adamısınız, Türk dünyasının öndəri, böyüyüsünüz. Siz Sovet İttifaqının Siyasi Bürosuna qədər yüksələn yeganə türk insanısınız. Həyatınız daim mücadilə içində keçmişdir. Sizə hörmətimiz, sevgimiz sonsuzdur. Biz, türk iş adamları Sizə dərin minnətdarıq. Bizə şərait yaradırsınız, yardımçı olursunuz.
Türk Sənayeçi və İş Adamları Vəqfinin 60 nəfərlik idarə heyətinin səs çoxluğu ilə Zati-alinizi dörd minə yaxın üzvü olan Vəqfimizin fəxri sədri seçdik. Digər fəxri sədrimiz Sizin yaxın dostunuz hörmətli Süleyman Dəmirəldir. İcazənizlə, fəxri sədrlik plaketini Sizə təqdim edim. Allah Sizə uzun ömür versin, Sizi türk dünyasının başının üstündən əskik eləməsin. Bir hədiyyəmiz də var. Onu Sizin yaxın dostunuz İhsan Doğramacı göndəribdir.
Vəli Sarıtoprak plaketi və İhsan Doğramacının hədiyyəsini dövlətimizin başçısına təqdim etdi.
Prezident HEYDƏR ƏLİYEV qonağa təşəkkür edərək dedi ki, Türk Sənayeçi və İş Adamları Vəqfi, həqiqətən, Türkiyədə çox tanınmış, çox böyük işlər görən bir vəqfdir. Sizin fəaliyyətiniz haqqında mənim məlumatım var. Siz xüsusən təhsil sahəsinə çox fikir verirsiniz, kompüterləşmə işi ilə də çox məşğulsunuz. Ona görə sizin vəqfə mənim böyük hörmətim var.
Məni üç il ardıcıl olaraq ilin dövlət adamı seçmisiniz. İndi də məni fəxri sədr seçdiniz. Buna görə də təşəkkür edirəm. Mənim haqqımda dediyiniz sözlərə görə, həyatımı, keçmişdəki mücadilələrimi də yaxşı bildiyinizə və çox düzgün qiymətləndirdiyinizə görə sizə xüsusi təşəkkür edirəm.
Siz Azərbaycanın dostlarısınız, mənim dostlarımsınız. Azərbaycanda sizin həmişə xüsusi yeriniz var və bu səfərinizə görə də çox məmnunam ki, siz vaxtınızı ayırıb Azərbaycana gəlmisiniz. Güman edirəm, Azərbaycanda, Bakıda çox dəyişikliklər görəcəksiniz. Siz son dəfə Azərbayanda nə vaxt olmusunuz?
VƏLİ SARITOPRAQ: Cənab Prezident, 1992-ci ildə, rəhmətlik Turqut Özəl sağ olarkən nümayəndə heyətinin tərkibində gəlmişidim. Sonra burada “Türkiyə-Azərbaycan iqtisadi iş birliyi imkanları” mövzusunda keçirilən toplantıda Ankara iş adamlarının rəhbəri kimi iştirak etdim. Artıq 8 il idi ki, gəlmirdim. Səkkiz ildən sonra bu gün Bakını gəzdim, gördüm, heyran oldum. Azərbaycan, Bakı çox inkişaf etmişdir. Yeni tikilən binalar, görkəmli obyektlər çoxdur. Azərbaycan tamamilə Qərb ölkəsi kimi olmuşdur. Bakıda hər şeyi tapmaq olur. Dünyanın harasında nə varsa, Bakıda da var. Təbiidir ki, bunların hamısı Sizin sayənizdə olmuşdur. Sizin necə çalışdığınızı, işlədiyinizi bilirəm. Siz böyük bir dövlət adamısınız, Azərbaycan üçün böyük bir şanssınız. Allah Sizə uzun ömür versin, Sizi türk dünaysının başı üstündən əskik etməsin.
Mən həm də Naxçıvanın Ankarada fəxri konsuluyam.
Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdi.
AZƏRTAC Foto Yaşar Xəlilovun və
Rafiq Bağırovundur