DSMF-nin Sumqayıt şəhər şöbəsində ictimai təşkilatların nümayəndələri ilə görüş keçirilib
Bakı, 27 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi hər həftənin cümə günü “Açıq qapı” formatında vətəndaş cəmiyyətləri ilə görüşlər keçirir. Həmin formatda növbəti görüş “Əlilliyi olan qadınlar” Cəmiyyətinin və “Əlilliyi olan Sahibkarlar Təşkilatı” İctimai Birliyinin nümayəndələri ilə keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin həssas qruplardan olan vətəndaşlara xüsusi qayğısından, həmin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan bəhs olunub. Şöbə müdiri Firdovsi Bədəlov dövlət başçısının imzaladığı sərəncam və fərmanlar nəticəsində bu ilin ötən dövründə minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin, sosial müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını qeyd edib və artımlar barədə ətraflı məlumat verib. Pensiya təyinatlarının elektron qaydada həyata keçirildiyi, bu cür proaktiv xidmətlərin sosial təminat sisteminin bütün sahələrini əhatə edəcəyi bildirilib. Əmək, məşğulluq, sosial təminat sahələrində innovativ yanaşmaların tətbiqi və şəffaflığın təminatı, vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatlar diqqətə çatdırılıb.
Qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ölkəmizdə sosial sahədə aparılan islahatlardan, əhalinin rifah halının yaxşılaşdırılması üçün atılan addımlardan razılıqla bəhs edərək, sosial müdafiə sahəsinə göstərilən xüsusi qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə Sumqayıt şəhərində həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb. QHT-lərin qaldırdıqları məsələlər də müzakirə olunub və onların həlli sahəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib.