SİYASƏT
Dubay Əmirliyinin İslam Məsələləri və Xeyriyyə İşləri Departamenti ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlıq müzakirə olunmuşdur
Bakı, 23 fevral (AZƏRTAC). Azərbaycanın Dubay şəhərindəki baş konsulu Pərviz İsmayılzadə Dubay Əmirliyinin İslam Məsələləri və Xeyriyyə İşləri Departamentinin baş direktoru Həməd Əl-Şeybani ilə görüşmüşdür.
Baş konsulluqdan AZƏRTAC-a bildirmişlər ki, görüşdə P.İsmayılzadə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dini, tarixi və mədəni köklərə əsaslanan əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, ölkəmizin Dubay Əmirliyi ilə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verdiyini vurğulamışdır.
P.İsmayılzadə Dubayda Azərbaycanın baş konsulluğunun təsis edilməsini, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyinin Bakıda açılmasını, Xəzərin sahilində Dubay brendi olan “Jumeirah Bilgah Beach” otelinin fəaliyyət göstərməsini bu əlaqələrin inkişafına misal kimi göstərmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən baş konsul 1994-cü ildə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən azərbaycanlı məcburi köçkünlərə humanitar yardım göndərildiyini, ölkənin “Dar Əl-Birr” xeyriyyə cəmiyyətinin Azərbaycan nümayəndəliyinin müxtəlif proqramlar həyata keçirdiyini xatırlatmış, rəsmi Bakının dost və qardaş ölkənin bu dəstəyini yüksək qiymətləndirdiyini diqqətə çatdırmışdır.
H.Əl-Şeybani İslam aləminin ayrılmaz hissəsi olan və coğrafi baxımdan Birləşmiş Ərəb Əmirlikləri ilə eyni regionda yerləşən Azərbaycanla münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verildiyini qeyd etmişdir.
Baş konsul dini sahədə əlaqələrin gücləndirilməsi üçün İslam Məsələləri və Xeyriyyə İşləri Departamenti ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın yaradılması, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, müxtəlif tədbirlərin təşkili təklifini irəli sürmüşdür.
H.Əl-Şeybani bu təklifi alqışladığını bildirmiş, rəhbərlik etdiyi departamentin Azərbaycan tərəfi ilə dini sərgi, təlim kursları və Quran müsabiqələrinin təşkili, məscid və iaşə obyektlərinin inşası, qarşılıqlı səfərlərin, təcrübə mübadilələrinin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlığa hazır olduğunu söyləmişdir.
Görüşdə departamentin İslam məsələləri və xeyriyyə işləri şöbələrinin müdirləri də iştirak etmişlər.