Dubayda keçirilmiş beynəlxalq konfransda Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafından danışılmışdır
Bakı, 12 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının (Ombudsman) mətbuat xidmətinin rəhbəri, yazıçı-jurnalist Zemfira Məhərrəmli Dubayda “Kommunikasiya və media məsələləri üzrə beynəlxalq istiqamətlər” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilmişdir ki, Türkiyənin Elm, Təhsil və Texnologiya Assosiasiyasının, Sakarya, Anadolu, İstanbul universitetlərinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirə 20-dən çox ölkədən tanınmış media mütəxəssisləri, ekspertlər, bir sıra ali təhsil ocaqlarının professorları qatılmışlar.
Z.Məhərrəmli tədbirdə “Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: yeni media mühüm platforma kimi” mövzusunda məruzə ilə çıxış etmişdir. O, informasiya cəmiyyətinin qurulmasının ölkəmizdə prioritet istiqamətlərdən olduğunu, son illər bu sahədə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində informasiya texnologiyalarının cəmiyyət həyatındakı rolunun xeyli artdığını söyləmişdir.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycanda İKT dinamik inkişaf edir, rəqəmsal sistemin tətbiqi geniş vüsət almış, yeni texnologiyalar sürətlə yayılmışdır.
Z.Məhərrəmli, həmçinin elektron xidmətlərdən daha geniş istifadə üçün fəaliyyət göstərən və Azərbaycanın brendi sayılan “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən danışmış, bu mərkəzlərin həm də insan hüquqlarının daha səmərəli təmini baxımından əhəmiyyət daşıdığını vurğulanmışdır.
Məruzədə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının uğurla həyata keçirildiyi, həmin sənəddə media ilə əməkdaşlıq məsələlərinə önəm verildiyi qeyd olunmuşdur.
Bildirilmişdir ki, Azərbaycanda qəbul edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas prinsiplər kimi irəli sürülmüş və həyata keçirilməkdədir.
Konfransın müxtəlif sessiyalarında onlayn jurnalistikanın nəzəriyyəsi və metodologiyası, rəqəmsal medianın əsasları, vizual kommunikasiya, multimedia şəbəkəsi, Facebook, Twitter, Youtube, Google və digər sosial şəbəkələrin yeni mediaya inteqrasiyası, reklam işinin təkmilləşdirilməsinin yeni medianın tərəqqisində rolu ilə bağlı məsələlər müzakirə olunmuşdur.