Dubayda Şeyx Məhəmməd Əl-Məktum adına biznes mükafatları namizədlərinin müəyyənləşdirilməsinin 8-ci mərhələsi başlanmışdır


Bakı, 15 aprel (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporunun rəhbəri Samir İmanov Dubay Əmirliyinin rəsmi dəvəti ilə aprelin 15-də Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum adına biznes mükafatlarının namizədlərinin müəyyənləşdirilməsinin 8-ci mərhələsinin başlanması münasibətilə keçirilən beynəlxalq konfransda iştirak etmişdir.
Tədbirdə Dubayın Ticarət və Sənaye Palatası idarə heyəti sədrinin müavini Hişam Abdullah Al Şiravi, Beynəlxalq Dubay limanlarının baş müdiri Mǝhǝmmǝd Al Müǝllim, dövlət rəsmiləri, biznesin müxtəlif sahələri üzrə iri şirkətlərin sahibləri iştirak etmişlər.
AZƏRTAC-a bu barədə “Azərbaycan” Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilmişdir.
Ticarət və Sənaye Palatasının idarə heyəti sədrinin müavini Hişam Abdullah Al Şiravi mərasimi açaraq bildirmişdir ki, Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumum səyləri və rəhbərliyi altında BƏƏ-də, xüsusilə də Dubayda biznesin bütün sahələri inkişaf etmiş və iş adamları üçün çox əlverişli mühit yaradılmışdır.
Sonra Dubay limanlarının baş müdiri Mǝhǝmmǝd Al Müǝllim Dubay limanında yaxın vaxtlarda işlərin insanlar tərəfindən deyil, kompyuterlər vasitəsilə idarə olunacağını bildirmişdir. Bu yeniliyin dünyada hələ analoqu yoxdur. Bu proqram “smart port” - “ağıllı port” kimi tanınacaq və fəaliyyət göstərəcəkdir.
Azərbaycan diasporunun rəhbəri Samir İmanov tədbir çərçivəsində Dubay Əmirliyinin Ticarət və Sənaye Palatasının rəhbərliyi ilə görüşmüş, BƏƏ-də azərbaycanlı iş adamları üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirmişdir.
Görüşdə Samir İmanov son 10 il ərzində Azərbaycandakı sürətli iqtisadi inkişafdan danışmış, ölkəmizdə yerli və xarici investorlara dövlət tərəfindən əlverişli şərait yaradıldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, hazırda Azərbaycanda qeyri-neft sektoruna da böyük məbləğdə xarici investisiyalar yatırılır.
Ticarət və Sənaye Palatasının rəhbərliyi Azərbaycandan Dubaya investisiya qoyacaq iş adamlarının sayının artmasında, azərbaycanlıların Dubayda keçirilən biznes tədbirlərində və sərgilərdə daha fəal iştirak etmələrində maraqlı olduqlarını diqqətə çatdırmışdır.