SİYASƏT
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Nyu Yorkda silsilə tədbirlər keçirilmişdir
Bakı, 30 dekabr (AZƏRTAC). Nyu York şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir sıra bayram tədbirləri keçirmişlər.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər Nyu Yorkda yenicə yaradılmış Amerika-Azərbaycan Qadınlar Assosiasiyası, Azərbaycan Nyu York Assosiasiyası, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmişdir.
Tədbirlərdə türk, yəhudi icmalarının və Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, ABŞ-da yaşayan azərbaycanlılar, BMT yanında daimi nümayəndəliyin əməkdaşları və digər xarici qonaqlar iştirak etmişlər.
Çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün 1991-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunduğu diqqətə çatdırılmış və həmin vaxtdan etibarən bütün dünya azərbaycanlılarının bu günü bayram kimi qeyd etdikləri vurğulanmışdır.
Qonaqlar Dünya azərbaycanlılarının Həmrəylik Günü münasibətilə soydaşlarımızı təbrik etmiş, bu bayramın əhəmiyyətini vurğulamışlar.
Tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılara müraciəti iştirakçıların diqqətinə çatdırılmışdır.
Nyu Yorkda yaşayan azərbaycanlı sənət adamlarının ifasında muğamlarımızdan parçalar və xalq mahnılarımız səslənmişdir.
Sonda bayram süfrəsi açılmışdır.