Dünya Bankı: 2030-cu ilə qədər Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi Orta Dəhlizlə 28 faiz arta bilər – MÜSAHİBƏ

Bakı, 24 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC
Azərbaycan Dünya Bankına 1992-ci ildə, Beynəlxalq Maliyyə Korporasiyasına isə 1995-ci ildə qoşulub. Azərbaycan ilə əməkdaşlıq 2016-2020-ci illər üzrə Ölkə üzrə Strategiya sənədi əsasında həyata keçirilir. Qeyd edilən strategiya Dünya Bankının Direktorlar Şurası tərəfindən 21 iyun 2015-ci ildə təsdiq edilib. Son 25 il ərzində Dünya Bankı iqtisadiyyatın sabitləşməsinə kömək edərək, kritik struktur islahatlarının həyata keçirilməsində Azərbaycanı dəstəkləyib. Bu gün Dünya Bankının Azərbaycandakı proqramı ölkə iqtisadiyyatının şaxələndirilməsi, eləcə də bütün Azərbaycan vətəndaşlarının rifahı üçün yüksəkkeyfiyyətli, əlçatan və səmərəli dövlət xidmətlərinin göstərilməsi planlarını dəstəkləyir.
Bu mövzu ilə əlaqədar Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster (Stefanie Stallmeister) AZƏRTAC-ın suallarını cavablandırıb.
- 2024-2028-ci illər üçün Azərbaycan və Dünya Bankı (DB) arasında əməkdaşlığın prioritet istiqamətləri hansılardır? Tərəfdaşlıq proqramının təsdiqi nə zaman gözlənilir və onun büdcəsi nə qədər olacaq?
- Dünya Bankı Qrupunun (DBQ) Azərbaycandakı fəaliyyəti haqqında danışmaq fürsətinə görə təşəkkür edirəm. Biz Azərbaycanla yeni Ölkə Tərəfdaşlığı Çərçivəsini (ÖTÇ) hazırlayırıq ki, bu da növbəti beş il ərzində indikativ proqramımızı əks etdirəcək. Bu sənəd Azərbaycan hökuməti ilə sıx məsləhətləşmələr əsasında hazırlanır. Gələcək proqramımızın təməlində bir neçə mülahizə dayanır. O, ilk növbədə, Azərbaycanın özünün milli inkişaf prioritetləri və strategiyaları üzərində qurulub. Digər meyar ondan ibarətdir ki, biz qlobal çağırışlarla əlaqəli olan ölkə çağırışlarını həll etmək niyyətindəyik. Mürəkkəb çağırışlar Dünya Bankı Qrupunun maliyyə resurslarını və qlobal biliklərini birləşdirəcək strateji yanaşma tələb edir. Həmçinin bildiyiniz kimi, Dünya Bankı Qrupu beş təşkilatdan ibarətdir. Bu yeni strategiya Dünya Bankı Qrupunun bütün təşkilatları, xüsusən də Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və İnvestisiyalara Zəmanət üzrə Çoxtərəfli Agentlik (MIGA) arasında əməkdaşlığı genişləndirəcək. Yeni strategiya iki əsas məqsədi güdəcək: ölkənin iqtisadi dayanıqlığının, davamlılığın gücləndirilməsi, məhsuldarlığın və daha yaxşı iş imkanlarının artırılması. Biz bərpaolunan enerji, iqlim dəyişikliyinin təsirinin azaldılması və ona uyğunlaşma, məşğulluq xidmətlərinin gücləndirilməsi, nəqliyyat, rəqəmsal bağlantıların təkmilləşdirilməsi sahələrində investisiya və texniki yardımın proqramlarının kombinasiyası ilə bu məqsədlərə nail olmağa çalışacağıq. Strategiyanın işlənib hazırlanmasını bu payızda yekunlaşdırmağı planlaşdırırıq, o zaman sizə daha ətraflı məlumat verə biləcəyik.
- Dünya Bankı Azərbaycanın nəqliyyat sektorunu, xüsusən də Orta Dəhliz, eləcə də Şimal-Cənub Dəhlizinin inkişafı çərçivəsində səyləri necə dəstəkləyə bilər?
- Bildiyiniz kimi, Dünya Bankı hələ 2000-ci illərin əvvəllərindən etibarən əsas tranzit dəhlizləri boyunca magistral və dəmir yollarının təkmilləşdirilməsinə sərmayə qoymaqla, eyni zamanda, insanları bazarlar, xidmətlərlə daha yaxşı əlaqələndirmək üçün regional və yerli yolların yaxşılaşdırılmasına kömək etməklə Azərbaycanın nəqliyyat sektorunun inkişafına dəstək verir. Ötən ay mən Regional Yollar və İnkişaf Layihəmizin icrasının gedişi ilə tanış olmaq üçün Salyan və Biləsuvara səfər etdim. Şadam ki, layihəmiz təkcə bu rayonlar arasındakı yolu inkişaf etdirmir, həm də bu regionun böyük kənd təsərrüfatı, ticarət və xidmət potensialından istifadə etmək imkanları yaradır. Eynilə, Dünya Bankı Mərkəzi Asiya, Qafqaz vasitəsilə Şərq və Qərbi birləşdirən multimodal nəqliyyat dəhlizi olan Orta Dəhlizi dəstəkləmək məqsədinə sadiqdir. Ötən il Dünya Bankı bu ticarət və tranzit marşrutu ilə bağlı böyük araşdırma aparmışdı. Bizim yeni məlumatlarımız göstərir ki, 2030-cu ilədək Orta Dəhliz boyu səyahət vaxtını yarıbayarı azaltmaq və ticarət axınını üç dəfə artırmaq potensialı mövcuddur. O, Çin-Avropa arasında quru körpü rolunu oynayır, eyni zamanda, Azərbaycan və digər ölkələr üçün regional dəhliz kimi mühüm rol oynayır. Məsələn, biz proqnozlaşdırırıq ki, 2030-cu ilə qədər Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarət dövriyyəsi 37 faiz, bu ölkələrlə Aİ arasında ticarət dövriyyəsi isə 28 faiz arta bilər. Dəhlizin gücləndirilməsi regional ticarəti canlandıra bilər. Bu məqsədlərə nail olmaq üçün koordinasiya, logistika və rəqəmsallaşmanın təkmilləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Azərbaycan, Gürcüstan və Qazaxıstanda dəmir yollarına, intermodal qurğulara və limanlara mühüm investisiyalar vacibdir. Biz hökumətlərlə, o cümlədən Azərbaycan hökuməti ilə tələb olunduğu zaman həm texniki, həm də maliyyə yardımı göstərmək üzərində işləyirik.
- Azərbaycan və Dünya Bankı arasında enerji təhlükəsizliyi üzrə əməkdaşlıq regionda diversifikasiya səylərinə necə təsir edə bilər?
- Dünya Bankı Qrupunun Azərbaycan hökuməti ilə işlədiyi sahələrdən biri daha çox özünün qısaldılmış adı – AZURE ilə tanınan Bərpa Olunan Enerji Mənbələrinin Miqyasının Genişləndirilməsi Layihəsinin hazırlanmasıdır. Bu layihə Azərbaycanın elektrik şəbəkəsinin gücləndirilməsinə kömək edəcək ki, o, yeni bərpaolunan enerji mənbələri hesabına hasil olunan elektrik enerjisini ötürə bilsin. Həmçinin BYİB, IFC və MIGA aşağı-karbon iqtisadiyyatına keçid və ya metan qazının havaya buraxılmasının azaldılması kimi çox perspektivli sahələrdə birgə işləməyə ümid edir. Bu, maliyyələşmə və ya məsləhət işi, həmçinin hər ikisinin birləşməsi şəklində ola bilər. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialının üzə çıxarılması ölkə üçün yeni inkişaf perspektivləri açır. O, yeni ixrac imkanları, yeni məhsuldar iş yerləri, qlobal və regional inteqrasiya yarada və iqtisadiyyatın yeni sektorlarını gücləndirə bilər. Bütün bunlar Azərbaycanın 2030-cu il üçün Milli Prioritetlərində nəzərdə tutulub.
- Bu ilin noyabrında Bakıda keçiriləcək COP29-dan gözləntiləriniz nədir? Dünya Bankı COP29-un uğuru üçün Azərbaycana necə dəstək verəcək? Bank ölkəyə 2030-cu ilə qədər istixana qazlarının emissiyasını azaltmaq məqsədinə nail olmaqda necə kömək edə bilər?
- COP29 iqlim dəyişikliyinin təsirinin azaldılması, ona uyğunlaşmaq üçün strategiya və fəaliyyət planlarını hazırlamaq üçün beynəlxalq ictimaiyyətin bir araya gəlməsi üçün əlamətdar hadisədir. Biz Azərbaycanın iqlim dəyişikliyi gündəliyinə sadiqliyini və mühüm çağırışların həlli üçün qlobal konsensusa nail olmaqda göstərdiyi liderliyini yüksək qiymətləndiririk. Biz, həmçinin Azərbaycanın iqlimlə bağlı problemlərin həlli üçün milli səviyyədə tədbirlər görmək əzmini yüksək qiymətləndiririk. Bilirsiniz ki, Dünya Bankı Qrupu ölkələrə iqlimlə bağlı tədbirlər görməyə və iqlim dəyişikliyinin törətdiyi fəsadları aradan qaldırmağa kömək edən ən iri qlobal təşkilatdır. Bu baxımdan COP29 Dünya Bankı Qrupu üçün mühüm hadisədir. Məlum olduğu kimi, Dünya Bankı Qrupu istixana qazlarının emissiyasının azaldılması və iqlim baxımından davamlılığın təşviqi layihələri üçün hər il 25 milyard ABŞ dolları ayırmağı öhdəsinə götürüb. Biz, həmçinin ümumi maliyyələşdirməmizdə iqlim maliyyəsinin payını artırmağı planlaşdırırıq. Bakıda keçiriləcək COP29-da biz öhdəliyimizi bir daha təsdiq edəcəyik. Azərbaycandakı layihələrə gəldikdə, mən artıq AZURE layihəsini və Azərbaycana iqlimlə bağlı öhdəliklərini yerinə yetirməkdə kömək etmək üçün istixana qazlarının emissiyasını azaltmaq üçün digər potensial təşəbbüsləri qeyd etdim. Biz həmçinin əməkdaşlıq üçün digər sahələri də araşdırırıq, məsələn, suvarma üçün sudan daha yaxşı istifadə etmək və kənd təsərrüfatında iqlimə uyğun ağıllı metodların tətbiqi üçün birgə layihə ideyaları mövcuddur.
- Dünya Bankı Azərbaycan-Avropa İttifaqı Yaşıl Dəhliz layihəsinə investisiya yatırmaqda hansı yardımı göstərə bilər?
- Hazırda biz bu regional təşəbbüsün Gürcüstan və Qara dəniz hissəsi üçün texniki-iqtisadi əsaslandırmanı maliyyələşdiririk. Həmçinin biz bilirik ki, Azərbaycan hökuməti layihənin öz ərazisinə aid hissəsi üçün texniki-iqtisadi əsaslandırma işlərini aparır və bu layihəni həyata keçirmək üçün regionun digər ölkələri ilə işləyir. Əgər Azərbaycan və regionun digər ölkələri bizə müraciət etmək qərarına gəlsələr, Dünya Bankı Qrupu bu layihənin həyata keçirilməsinə dəstək verməyə hazırdır.
- Sizcə, Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın hansı istiqamətləri daha da dərinləşdirilə bilər?
- Azərbaycan 1992-ci ildə Dünya Bankına qoşulandan bəri biz etibarlı tərəfdaşlarıq. Bu müddət ərzində Azərbaycanın parlaq iqtisadi artımına və yoxsulluğun azaldılması sahəsində nailiyyətlərinə töhfə verə bildiyimizə görə şadıq. Ölkə indi yeni çağırışlarla üz-üzədir və bu yeni çağırışlar yeni yanaşmalar tələb edir. Azərbaycanın yeni inkişaf modelində dinamik qeyri-enerji özəl sektoru aparıcı rol oynamalıdır. Özəl sektorun ixtisaslı işçi qüvvəsinə olan ehtiyacı insan kapitalına sərmayə qoymaqla ödənilə bilər. Dövlətin rolu fəal investor, iqtisadiyyatın iştirakçısından makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsinə, insan kapitalına investisiya qoyulmasına və özəl sektor üçün məhdudiyyətlərin aradan qaldırılmasına doğru dəyişməlidir. Azərbaycanın uzunmüddətli tərəfdaşı kimi Dünya Bankı Qrupu bu mühüm keçidin uğurla həyata keçirilməsində Azərbaycana kömək etmək öhdəliyinə sadiqdir.