İQTİSADİYYAT
Dünya Bankı: Azərbaycan hökuməti ilə növbəti beş ildə əldə etmək istədiyimiz əsas nəticələri müəyyən etmişik
Bakı, 20 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC
“Bu həftə Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Rolande Prays və Planet Departamentinin Avropa və Mərkəzi Asiya üzrə direktoru Sameh Vahbanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkə proqramımızı müzakirə etmək üçün Azərbaycana uğurlu işgüzar səfər edib”.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stallmeister deyib.
Onun sözlərinə görə, iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə Dünya Bankı Qrupunun Azərbaycanda dəstəklədiyi cari fəaliyyətləri, eləcə də təklif etdikləri gələcək əməkdaşlıq müzakirə edilib.
“Biz Azərbaycanla tərəfdaşlığımızın gələcək istiqamətlərini əks etdirən strateji sənəd olan yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasının yekun mərhələsindəyik. Azərbaycan hökuməti ilə birlikdə biz növbəti beş ildə ölkədə əldə etmək istədiyimiz əsas nəticələri müəyyən etmişik. Biz bərpaolunan enerjinin payını artırmaq, ölkənin iqlim dəyişikliyinə uyğunlaşma qabiliyyətini artırmaq, biznes mühitini yaxşılaşdırmaq, məhsuldar iş yerləri yaratmaq, rəqəmsal və nəqliyyat bağlantılarını gücləndirmək üçün Azərbaycana dəstək vermək niyyətindəyik. Hazırda biz bu məqsədlərə nail olmağa imkan verəcək konkret layihələri və texniki yardım proqramını müzakirə edirik. Dünya Bankı Qrupu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfi olmasa da, biz qlobal miqyasda iqlim fəaliyyətinin ən böyük maliyyəçisiyik. Ona görə də biz COP29-da fəal iştirak edəcək və onun uğuruna töhfə verəcəyik. Həmçinin, investisiyalarımız və məsləhətlərimiz vasitəsilə Azərbaycanın iqlim gündəliyini dəstəkləyərək, Azərbaycanın dayanıqlığına və davamlı inkişafına töhfə verəcəyik”, - deyə Stefani Stallmeister vurğulayıb.