İDMAN
Dünya çempionatında Avropanı təmsil edəcək yığmaların tam siyahısı müəyyənləşmişdir
Bakı, 12 aprel (AZƏRTAC). Futzal üzrə dünya çempionatının pley-off mərhələsində Avropanı təmsil edəcək yığmaların tam siyahısı müəyyənləşmişdir.
AZƏRTAC xəbər verir ki, Çexiya və İtaliya milliləri də Tailanda vəsiqə qazanmışlar. Çexiyalılar ilk oyunda səfərdə 0:2 hesabı ilə məğlub olduqları Sloveniyanı çətinliklə keçmişlər – 4:1. Bu qarşılaşmada da hesabı sloveniyalılar açmışlar. Lakin meydan sahibləri 4 qol vuraraq arzularını gerçəkləşdirmişlər.
Apenninlilərin işi isə asan olmuşdur. Səfərdəki 5:0 hesablı qələbədən sonra italiyalılar Norveçlə ev oyununda özünü əziyyətə salmayaraq 2 cavabsız qolla qalib gəlmişlər.
Qeyd edək ki, Avropadan digər 5 vəsiqəni İspaniya, Portuqaliya, Serbiya, Ukrayna və millimizi mübarizədən kənarlaşdıran Rusiya qazanmışdır.