SİYASƏT
Dünya Gömrük Təşkilatının (DGT) regional təlim mərkəzləri rəhbərlərinin I konfransının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmişlər
Bakı, 22 yanvar (AZƏRTAC). Yanvarın 22-dən 24-dək Bakıda Dünya Gömrük Təşkilatının (DGT) regional təlim mərkəzləri rəhbərlərinin I konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir başlanana qədər konfrans iştirakçıları Fəxri xiyabana getmiş, orada xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etmiş, onun məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, onun məzarı önünə tər çiçəklər qoyulmuşdur.
Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Konfrans iştirakçılarına Şəhidlər Xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.
Tədbir iştirakçıları Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.