ELM VƏ TƏHSİL
Dünyanın aparıcı konsaltinq şirkəti UNEC tələbələri üçün “peşəkar koç” xidməti göstərib

Bakı, 20 oktyabr, AZƏRTAC
Dünyanın aparıcı konsaltinq şirkəti olan "McKinsey & Company" tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələri üçün ödənişsiz “peşəkar koç” xidməti göstərilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “peşəkar koç” xidməti şirkətin Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri üçün təşkil edilib. Gün ərzində 4 saat davam edən görüşdə “McKinsey” konsultantları (16 nəfər) tərəfindən ISE-nin III və IV kurs tələbələrinə MBA/Master proqramları, karyera seçimləri, iş müsahibəsi hazırlıqları mövzularında “mentorship” keçirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
ISE və UNEC Karyera Mərkəzinin birgə təşkil etdiyi tədbir üçün tələbələrin seçimi və planlama iki mərhələdə aparılıb. Öncə tələbələr arasında sorğu keçirilərək “peşəkar koç” xidməti almaq istəyən 85 tələbə (53 nəfər 4-cü kurs, 32 nəfər 3-cü kurs) müəyyən edilib. İkinci mərhələdə isə xidmət almaq istəyən tələbələr barədə məlumat tədbirin “McKinsey” üzrə koordinatoruna təqdim edilib və konsultantların maraq dairəsinə uyğun olaraq, hər tələbəyə 30 dəqiqə vaxt ayırmaqla cədvəl müəyyən olunub.
“Birə-bir mentorluq” formatında təşkil olununan “peşəkar koç” xidməti zamanı hər bir “McKinsey” konsultantı eyni vaxtda 1 tələbə ilə 25-30 dəqiqə müddətində onu maraqlandıran suallar ətrafında müzakirə aparıb, tövsiyələrini paylaşıb. Xidmətdən 70-ə yaxın ISE tələbəsi yararlana bilib.
Sonda “McKinsey” konsultantları və Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri Xətai Alıyev tədbirin əhəmiyyəti və tələbələrin gələcək karyera seçimində rolu ilə bağlı müzakirə aparıblar, əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin faydalı olacağını bildiriblər.