Düşənbədə soydaşımız Amal Hacıyevanın “Sevgi sərhəd tanımır” tamaşası təqdim edilib
Düşənbə, 29 aprel, AZƏRTAC
Düşənbədəki Vladimir Mayakovski adına Rus Dram Teatrında Tacikistanın tanınmış teatr tənqidçisi, ictimai xadim, tərcüməçi və şairə Amal Hacıyevanın “Sevgi sərhəd tanımır” tamaşasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə hazırlanan tamaşada diplomatlar, Tacikistan Mədəniyyət Nazirliyinin rəsmiləri, elm, mədəniyyət və incəsənət xadimlər, diasporumuzun üzvləri iştirak ediblər.
Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə əsər haqqında məlumat verib, müəllifə, aktyorlara və tamaşaçılara dərin təşəkkürünü bildirib, tarixi və dini bağlılıqları olan xalqlarımızın qədim mədəniyyətinin, humanistliyinin, qonaqpərvərliyinin, adət-ənənə və milli dəyərlərinin tanıdılmasında belə əsərlərin ərsəyə gətirilməsini yüksək qiymətləndirib.
Tamaşanın müəllifi, soydaşımız Amal Hacıyeva bildirib ki, adətən tərcümə ilə məşğul olub, şer yazıb. “Sevgi sərhəd tanımır” əsəri onun dramaturgiyada ilk addımıdır və bu ideyanı ona Tacikistanın Xalq artisti Maryam İsoyeva verib. O əsəri tacik və Azərbaycan xalqları arasındakı dostluğa və birliyə həsr etdiyini vurğulayıb.
Sonda əsərin müəllifinə, aktyorlara və tamaşanın səhnələşdirilməsində iştirak etmiş şəxslərə səfirlik tərəfindən hədiyyələr təqdim edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə