Düşənbədə “Terrorizmə və zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib
Düşənbə, 4 may, AZƏRTAC
Düşənbə şəhərində “Terrorizmə və zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə 46 ölkədən və 30 beynəlxalq təşkilatdan 400-dən çox nümayəndə iştirak edib.
Konfransda Azərbaycanı xüsusi tapşırıqlar üzrə səfir Azər Hüseynin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Tacikistan Prezidenti Emoməli Rəhmon çıxışında bildirib ki, son illərdə dünyanın 100-dən artıq ölkəsi terrorçuların obyektinə çevrilib, yüz minlərlə insan həlak olub, milyonlarla insan öz evlərini tərk edib, bu ölkələrin iqtisadiyyatına 100 milyardlarla dollar ziyan dəyib.
Sonra BMT-nin baş katibinin müavini, təşkilatın Terrorizmlə Mübarizə İdarəsinin rəhbəri Vladimir Voronkov, ATƏT-in baş katibi Tomas Qreminger və bir sıra ölkələrin xarici işlər nazirləri çıxış ediblər.
Konfransda terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın gücləndirilməsinin vacibliyi bildirilib, Azərbaycanın terrorizmə və zorakı ekstremizmə, separatizmin bütün təzahürlərinə qarşı beynəlxalq səviyyədə aparılan mübarizənin önündə gedən ölkələrdən biri olduğu vurğulanıb.
Terrorizmin Azərbaycandan da yan keçmədiyi qeyd olunub, ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, BMT-nin qərarlarına məhəl qoymayan Ermənistan hakimiyyəti terrorizmi və zorakı ekstremizmi dövlət səviyyəsinə qaldırıb, Azərbaycan xalqına qarşı soyqırımı törədib.
Azərbaycan Respublikasının beynəlxalq terrorizmə, zorakı ekstremizmə və separatizmə qarşı mübarizə sahəsində bütün beynəlxalq müqavilələrə qoşulduğu, ikitərəfli və çoxtərəfli dövlətlərarası sazişlərə uyğun olaraq nüfuzlu beynəlxalq təşkilatlarla və xarici ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlıq etdiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Konfransda Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə də iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə