DÜNYA
Düsseldorfda məhkəmə 17 yaşlı tələbənin dərslərdə niqabla iştirakına icazə verilməməsi barədə hökm çıxarıb
![Düsseldorfda məhkəmə 17 yaşlı tələbənin dərslərdə niqabla iştirakına icazə verilməməsi barədə hökm çıxarıb](/files/2024/3/1200x630/17333972511400428470_1200x630.jpg)
Berlin, 5 dekabr, AZƏRTAC
Almaniyanın Şimali Reyn-Festfaliya əyalətinin paytaxtı Düsseldorfda məhkəmə peşə kollecinin 17 yaşlı tələbəsinin dərslərdə üzü niqabla tamamilə örtülmüş vəziyyətdə iştirakına icazə verilməməsinə dair şikayətini təmin etməyib.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, məhkəmə bu qərarı üzü tam şəkildə örtən hər hansı örtüyün şagirdin məktəbin təhsil məqsədi olan açıq ünsiyyət əsasında çalışmaq öhdəliyini pozması ilə əsaslandırıb. Məhkəmə izah edib ki, tədris konsepsiyası müəllimlər və tələbələr arasında, eləcə də tələbələrin bir-biri ilə sərbəst ünsiyyət qurmasını tələb edir. Bu baxımdan ancaq gözlərin açıq qalmasına imkan verən niqab açıq ünsiyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Məhkəmənin qənaətinə əsasən, bu cür qapalı örtük dövlətin təhsil və tərbiyə missiyasına xələl gətirir.
Qərarda, həmçinin qeyd olunub ki, sərbəst ünsiyyət həm şifahi, həm də qeyri-şifahi ünsiyyəti əhatə edir. Açıq ünsiyyət və ona əsaslanan fəaliyyət qarşı tərəfin üz ifadəsinə diqqət yetirmədən uğurlu ola bilməz. Siniflərdə tam örtünmə ilə bağlı hüquqi tənzimlənməyə ehtiyac olmadığı, mövcud qaydaların bunun üçün kifayət etdiyi vurğulanıb.
Bu məsələ bir müddət əvvəl Hamburqda geniş müzakirələrə səbəb olmuşdu. Sosial Demokrat Partiyasının (SPD) və Yaşıllar Partiyasının əyalət parlamentindəki fraksiyaları yayda məktəblərlə bağlı qanuna siniflərdə üzün örtülməsinin rəsmən qadağan olunmasına dair dəyişiklik etdi. Bu dəyişiklik ünsiyyət üçün qarşı tərəfin üz ifadəsinin oxuna bilməsinin vacibliyi ilə əsaslandırılmışdı.
Bavariya və Aşağı Saksoniya 2017-ci ildə məktəblə bağlı qanunlara edilən dəyişikliklərlə üzün örtülməsini qadağan edən ilk federal əyalətlərdir. Şimali Reyn-Vestfaliya və Bremen kimi digər federal əyalətlərdə məktəblərdə tam örtünmə arzuedilməz olsa da, məktəb qanunlarını sərtləşdirməyə heç bir əsas olmadığı iddia edilir. Baden-Vürtemberq və Şlezviq-Holşteyn əyalətlərində isə məktəblərlə bağlı qanunlarda müvafiq müddəa 2020-ci ildə sərtləşdirilib. Reynland-Pfalz əyalətində mövcud qadağa həmin il qəbul olunan qanunla təminat altına alınıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin