İQTİSADİYYAT
DVX rəsmisi: Ötən ildə əmək müqavilələrinin sayı təkcə qeyri-neft sektorunda 58 mindən çox artıb
Bakı, 17 fevral, AZƏRTAC
Vergi və sahibkarlıq sahəsində şəffaflaşma son illər aparılan islahatların əhəmiyyətli bir hissəsini təşkil edir. Qarşıya qoyulan ilk hədəflərdən biri əmək münasibətlərinin, əmək bazarının şəffaflaşması idi ki, bu sahədə şəffaflaşma tədbirləri 2019-cu il yanvarın 1-dən başlayıb və artıq 2023-cü yanvarın 1-nə təkcə qeyri-neft sektorunun özəl bölməsində rəsmiləşdirilmiş əmək müqavilələrinin sayındakı artım 291 mini ötüb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə DVX-nin rəis müavini Samirə Musayeva bildirib.
Onun sözlərinə görə, ötən ildə isə əmək müqavilələrinin sayı təkcə qeyri-neft sektorunda 58 mindən çox artıb: “Təbii ki, əmək münasibətlərinin şəffaflaşması həm də dövriyyələrin şəffaflaşması deməkdir. Biz qeyri-neft sektorunda ÜDM-in nominal artım templərinə baxsaq, bu, təxminən 21,6 faizdir. Qeyri-neft sektorunda vergi daxilolmalarının həcmində isə bu artım 27,9 faiz təşkil edib. Yəni aradakı fərqdə ÜDM-in artımını üstələyən vergi daxilolmaları varsa, hesab edirik ki, bu, şəffaflaşma hesabına baş verib.
DVX rəsmisi, həmçinin qeyd edib ki, şəffaflaşmanın digər göstəriciləri isə aktiv vergiödəyicilərinin sayında baş verən artımdır. Bu gün aktiv vergiödəyicilərinin sayı 7 faiz artaraq 712 mindən çoxdur. Bundan başqa, ƏDV ödəyicilərinin sayında da artım baş verir - bu göstərici ötən ilə nisbətən 15,1 faiz artıb. Qeyri-neft sektorunda dövriyyələrdə müsbət dinamika müşahidə olunur. Ötən il dövriyyələr 22,6 faiz artıb. Şəffaflaşmanı təmin edən tədbirlər həm də elektron qaimə-faktura üzərindən aparılan əməliyyatların həcmindəki artımda özünü göstərir. E-qaimə üzərindən həyata keçirilən əməliyyatların həcmində 26 faiz artım müşahidə olunub. Ötən il onlayn nəzarət-kassa aparatları üzərindən aparılan dövriyyələrdəki artım isə 27 faizdən çox olub.