ELM VƏ TƏHSİL


“eTwinning” layihəsi üzrə müəllimlərin inkişafı üçün tədbirlər həyata keçirilir

Bakı, 23 may, AZƏRTAC

Cari ilin may ayı ərzində “eTwinning” layihəsi çərçivəsində ümumilikdə 17 təhsil işçisi olmaqla 8 müəllim Avropanın müxtəlif ölkələrində keçirilən konfranslarda, 9 müəllim isə beynəlxalq onlayn təlimlərdə iştirak edib.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Avropa Mərkəzi Dəstək Xidmətinin dəstəyi ilə keçirilən tədbirlərin məqsədi təhsilverənlərin müasir metodlar üzrə tədrisinin inkişaf etdirilməsi, İKT və dil bacarıqlarının artırılması, həmkarları ilə ortaq dərs nümunələri, beynəlxalq layihələrin yaradılmasına şərait yaratmaqdır.

Layihə çərçivəsində pedaqoji işçilər üçün onlayn təlimlərdə iştirak imkanı da yaradılıb. Belə ki, cari ayda inklüziv məktəb mövzusunda Yunanıstan Milli Dəstək Xidməti tərəfindən keçirilən beynəlxalq tədbirə ölkə üzrə 9 müəllim qatılıb.

Bundan başqa, mayın 15-dən 17-dək Bakıda “İnnovasiya və təhsil” adlı beynəlxalq tədbir təşkil edilib. Yeddi Avropa ölkəsindən 25 təhsil işçisi və Azərbaycanın 8 bölgəsindən 28 müəllimin iştirak etdiyi seminarın nəticəsi olaraq 22 ortaq dərs modeli yaradılıb. Növbəti tədris ilindən dərs modellərinin icrasına başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, “eTwinning“ Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və məktəbəqədər, orta məktəb, ali təhsil sahəsində çalışan təhsil işçilərinə peşəkar inkişaf təlimlərində iştirak, beynəlxalq əməkdaşlıq etmək, ortaq dərs modelləri yaratmaq, həmçinin Avropada ən böyük öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.