REGİONLAR
Əcnəbi tələbələrin muxtar respublikanın ali təhsil müəssisələrinə marağı artıb




Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin hüquqi vəziyyəti”nə dair növbəti maarifləndirici tədbirdə əcnəbi tələbələrə bu mövzuda ətraflı məlumat verilib.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov və Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov tədbirin keçirilmə məqsədi və əhəmiyyəti barədə məlumat veriblər. Bildirilib ki, bu gün Naxçıvan Muxtar Respublikasında müasir təhsil sisteminin formalaşdırılması və inkişafı, eyni zamanda, təhlükəsizliyin təmin olunması, nəticə etibarilə əcnəbi tələbələrin muxtar respublikaya olan marağını və burada təhsil almaq niyyətini daha da artırmaqdadır. Təbii ki, əcnəbi tələbələrin hüquq və vəzifələri, həmçinin miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları da diqqətdə saxlanılan prioritet məsələdir.
Xidmətin baş inspektoru Elnur Zellabdinov ölkə ərazisində müvəqqəti olma və yaşama proseduru barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti olma və yaşama icazəsinin verilməsi ilə bağlı kifayət qədər geniş əsaslar mövcuddur. Belə ki, bu gün muxtar respublikaya təhsil almaq məqsədilə gələn əcnəbilər təhsil almaqla bərabər, həm də ölkədə müvəqqəti yaşama hüququna malik olurlar. Bununla yanaşı, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilən zaman tələbələr üçün güzəştlər nəzərdə tutulub ki, bu da ölkəmizdə əcnəbi tələbələrə humanist yanaşmanın daha bir ifadəsidir.
Elnur Zellabdinov miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətlə bağlı nəzərdə tutulan mühüm məqamlara toxunub, slayd vasitəsilə tələbələrə geniş məlumat verib.
Universitetin Tibb fakültəsinin hazırlıq kurs tələbələri Tatlısu Hasan və Aşiqi Məhsa bu gün muxtar respublikada təhlükəsiz, rahat və müasir tədris şəraitində təhsil aldıqlarını diqqətə çatdırıb, sənədləşmə prosedurları və miqrasiya sahəsində göstərdikləri köməyə görə əcnəbi tələbələr adından Dövlət Miqrasiya Xidmətinə minnətdarlıqlarını bildiriblər.
Sonra universitetdə təhsil alan bir qrup əcnəbi tələbəyə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri təqdim olunub. Eyni zamanda, xidmət tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb, müvafiq müraciətlər qəbul edilib.
Sonda tələbələrin Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiyası təşkil olunub.