ELM VƏ TƏHSİL
Ədəbi-bədii tədbir: “Unudulmazlar”
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “BDU könüllüləri”nin təşkilatçılığı və “Lin-Orph” musiqi klubunun dəstəyi ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Unudulmazlar” adlı tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov 44 günlük Vətən müharibəsinin Prezident-ordu-xalq birliyinin ən güclü nümunəsi olduğunu, xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını deyib. Vurğulayıb ki, Vətən müharibəsi nəticəsində 30 illik işğala, yurd həsrətinə son qoyulub. Ötən il həyata keçirilən antiterror tədbirləri nəticəsində isə erməni separatizminin kökü kəsilib, suverenliyimiz tam bərpa olunub.
Rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Tahir Əliyev Vətən müharibəsi dövründə və ötən il antiterror tədbirlərində əldə olunan zəfərlərin regionda yeni reallıqlar yaratdığını və ölkəmizin bölgənin güclü dövlətinə çevrildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezidentin Sərəncamı ilə bundan sonra hər il sentyabrın 20-nin Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunması bu tarixi Qələbəyə verilən böyük qiymətdir.
Daha sonra BDU-nun şəhid məzunu Nicat Əhmədovun bacısı Lalə Zeynalova, Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva çıxış ediblər. Çıxışlarda şəhidlərin döyüş yolundan söhbət açılıb.
Tədbirdə, həmçinin Vətən müharibəsi şəhidləri - polkovnik-leytenant Nail Orucov və Nicat Əhmədov haqqında videoçarxlar nümayiş olunub.