Ədəbiyyat İnstitutunda “Azərbaycan qəzəli” kitabının təqdimatı olub
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan elmi-ədəbi ictimaiyyəti Vaqif Yusiflini müasir ədəbi tənqidin görkəmli simalarından biri kimi qəbul edir. Son qırx ilin ədəbi prosesində, tənqid və ədəbiyyatşünaslığında, elmi mühitində onun özünəməxsus yeri və rolu var.
AZƏRTAC xəbər verir ki, bu fikir mayın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış ədəbi tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Azərbaycan qəzəli” kitabının təqdimat mərasimində səsləndirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Vaqif Yusifli ədəbi tənqid sahəsində bu günə qədər klassiklərimizin gördüyü işi uğurla davam etdirib. Onun “Azərbaycan qəzəli” kitabı Azərbaycan qəzəlinin inkişaf tarixinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Vaqif Yusiflinin bu monoqrafik tədqiqatı onun sönmək bilməyən Füzuli sevdasından doğub.
Vurğulanıb ki, “Azərbaycan qəzəli” kitabı müstəqillik dövrü ədəbiyyatşünaslıq elmimizdə qəzəl janrının tarixinə və poetikasına həsr olunmuş ilk sanballı elmi araşdırma kimi mühüm əhəmiyyətə malikdir. Kitabda Azərbaycan qəzəlinin mənşəyi, inkişaf mərhələləri və yaradıcıları haqqında tədqiqat əsas yer tutur. Burada ədəbiyyat tarixçiliyi ilə nəzəriyyəçiliyin sintezi vasitəsilə Azərbaycan ədəbiyyatında qəzəl janrının yeri, mövqeyi, əhəmiyyəti və müasir inkişaf səviyyəsinə dair elmi qənaətlər öz əksini tapıb. Azərbaycan qəzəlinin əsas yaradıcılarının bu janrda yazılmış seçilmiş örnəklərindən verilmiş seçilmiş nümunələr Vaqif Yusiflinin bədii zövqünü ifadə etməklə bərabər, monoqrafik tədqiqatdan istifadə olunması imkanlarını daha da artırır.
Tədbirdə institutun ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Elnarə Akimova “Azərbaycan ədəbi tənqidində Vaqif Yusifli obrazı” mövzusunda məruzə ilə çıxış edib.
Sonra filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, filologiya elmləri doktoru Əlizadə Əsgərli, filologiya elmləri doktoru, professor Zaman Əsgərli, şair Oqtay Rza, Səyyad Aran, filologiya elmlər doktoru, professor Vüqar Əhməd və başqaları çıxış edərək alimin ədəbi tənqid sahəsində zəngin yaradıcılığından, “Azərbaycan qəzəli” kitabının müsbət məziyyətlərindən danışıblar.