ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunun nəşri beynəlxalq sərginin “Ən yaxşı kitab”ı seçilib
Bakı, 9 oktyabr, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi “Füzuli kitabxanası” seriyası X Bakı Beynəlxalq Kitab Sərgisinin “Ən yaxşı kitab” nominasiyası üzrə qalib olub. Builki sərgi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilib.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Füzuli kitabxanası” seriyası akademik İsa Həbibbəylinin baş redaktorluğu, filologiya elmləri doktoru Ataəmi Mirzəyevin məsul redaktorluğu ilə yaradılıb. “Füzuli kitabxanası” seriyasından Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı”, Həmid Araslının “Böyük Azərbaycan şairi Füzuli”, Məmməd Cəfər Cəfərovun “Füzuli düşünür”, Ataəmi Mirzəyevin “Füzulinin “Tərcümeyi-hədisi-ərbəin” əsəri”, Stanislava Plyaskovitska-Rımkeviçin “Məhəmməd Süleyman oğlu Füzuli”, Aynur Mahmudun “Füzuli ədəbi məktəbi (XVI-XVIII əsrlər)”, Sevinc Ağayevanın “Məhəmməd Füzulinin anadilli divanının leksik tərkibi: Azərbaycan mənşəli arxaizmlər” və Mehriban Mövlamovanın “Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli obrazı” kitabları nəşr olunub.