ƏDƏBİYYAT XADİMLƏRİNƏ “RƏSUL RZA ADINA BEYNƏLXALQ MÜKAFAT” TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 19-da Azərbaycan Yazıçılar Birliyində (AYB) bir qrup ədəbiyyat xadiminə Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondu tərəfindən təsis olunan “Rəsul Rza adına Beynəlxalq Mükafat”lar təqdim olunmuşdur.
Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, xalq şairi Rəsul Rzanın xatirəsini yad etmiş, məzarı önünə tər çiçək dəstələri düzmüşlər.
Sonra mərasim AYB-də davam etdirilmiş, fondun rəhbəri, xalq şairi Fikrət Qoca mükafatları təqdim etmişdir. Bu ənənəvi mükafata 11 nəfər ədəbiyyat xadimi layiq görülmüşdür. Mükafatçılar arasında Kərkük-türkman ədəbiyyatının görkəmli nümayəndəsi, Azəbaycan-Kərkük ədəbi əlaqələrinin genişlənməsində xüsusi xidmətləri olan Əbdüllətif Bəndəroğlu ( ölümündən sonra), akademik Bəkir Nəbiyev, Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, “Ədəbiyyat” qəzetinin redaktoru, əməkdar incəsənət xadimi Ayaz Vəfalı, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli və digərləri vardır.
Eyni zamanda, xalq şairi Fikrət Qocaya ədəbiyyatımızın inkişafındakı xidmətlərinə və gənc nəslə qayğısına görə “Skit” Beynəlxalq Cəmiyyətinin xüsusi diplomu təqdim olunmuşdur.
Akademik Bəkir Nəbiyev, professor Qəzənfər Paşayev, yazıçı-publisist Əlirza Xələfli və digər çıxış edənlər bu mükafatı bütövlükdə ədəbiyyatımıza göstərilən qayğının təzahürü kimi qiymətləndirmişlər. Onlar hər il davam edən bu xeyirxah missiyanın təşəbbüskarının da məhz mərhum Rəsul Rza olduğunu xatırlatmışlar.
Sonda AYB-in sədri, xalq yazıçısı Anar atasının xatirəsinə göstərilən ehtirama görə təşəkkür etmişdir. O, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinə qayğının artdığını diqqətə çatdırmışdır. Anar ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məlum Sərəncamı ilə yazıçı və şairlərin Prezident təqaüdünə layiq görüldüyünü bildirmiş, bundan sonra da ədəbiyyatımızda novator yazarların yaradıcılığına diqqət və qayğı göstəriləcəyini vurğulamışdır.