CƏMİYYƏT
Ədliyyə naziri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru ilə görüşüb
Bakı, 14 noyabr, AZƏRTAC
Ədliyyə naziri Fərid Əhmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Valinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyi, COP29 tədbirinin ölkəmizdə təşkilinin bu əməkdaşlığın bariz nümunəsi olduğu vurğulanıb. Həmçinin Azərbaycan ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin həyata keçirildiyi qeyd edilib.
Ədliyyə Nazirliyinin BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi, eləcə də qurumun Mərkəzi Asiya və Cənubi Qafqaz Əlaqələndirici Şəbəkəsi ilə sıx münasibətlərinin olduğu, nazirliyin BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Komissiyasının tədbirlərində təmsil olunduğu vurğulanıb.
Eyni zamanda, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün 2024-2027-ci illər üzrə Praktiki Tədbirlər Planı layihəsində Ədliyyə Nazirliyi ilə əməkdaşlığı əhatə edən bəndlərin də olduğu xüsusi vurğulanıb.
Qada Vali ölkəmizin sədrliyi ilə keçirilən COP29-un yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, müvafiq sahələrdə tərəflər arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.