DÜNYA
Edqars Rinkeviç: İranın nüvə proqramına dair danışıqların uğurlu nəticələri əməkdaşlıq üçün geniş imkanlar yaradır
Riqa, 24 aprel (AZƏRTAC). Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs aprelin 22-dən 24-dək İran İslam Respublikasında (İİR) rəsmi səfərdədir.
E.Rinkeviçs səfər müddətində İran Prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif, İİR parlamentinin sədri Əli Laricani və İranın ali liderinin müşaviri Əli Əkbər Vilayəti ilə görüşmüşdür.
Nazir E.Rinkeviçs danışıqlar zamanı Latviyanın İranla ikitərəfli əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayaraq bildirmişdir ki, Latviya həm siyasi dialoqu inkişaf etdirməyə, həm də iqtisadiyyat, ticarət, mədəniyyət və təhsil sahələrində əməkdaşlığı dəstəkləməyə hazırdır. Nazir demişdir: “Latviya informasiya texnologiyaları sahəsində yaxşı qərarlar, həmçinin əczaçılıq, yeyinti və digər sənaye sahələrinin məhsullarını təklif edə bilər”.
Səfər müddətində naziri müşayiət edən İran dövlətinin rəsmi nümayəndələri və biznes təmsilçiləri üçün latviyalı sahibkarlardan ibarət nümayəndə heyəti ilə görüşlər təşkil edilmişdir.
E.Rinkeviç demişdir: “İki ölkə arasında müqavilə hüququ münasibətlərini genişləndirmək zəruridir. Hava və avtomobil nəqliyyatı ilə daşımalara dair saziş bağlanması üçün işləmək lazımdır. “Riqa 2014 - Avropanın mədəni paytaxtı” proqramı Latviya ilə İran arasında mədəni əlaqələri dəstəkləmək üçün geniş imkanlar yaradır”.
İran rəsmləri bildirmişlər ki, 2015-ci ilin birinci yarısında Latviya Avropa İttifaqı Şurasında sədrlik edəcəkdir. Buna görə İran Latviya ilə dialoqa böyük əhəmiyyət verir.
Latviyanın xarici işlər naziri İranın nüvə proqramına dair beynəlxalq danışıqlarda irəliləyişdən məmnun olduğunu bildirmişdir. Latviya və İran nümayəndə heyətlərinin üzvləri razılaşmışlar ki, bu danışıqların müsbət yekunu həm Latviya ilə İran arasında, həm də Avropa İttifaqı ilə İran arasında münasibətləri tamamilə yeni səviyyəyə çatdırmağa imkan verəcəkdir.
İran nümayəndələri qeyd etmişlər ki, energetika sahəsində mövcud böyük potensialdan istifadə edilməsi Avropa İttifaqının enerji təchizatını şaxələndirməyə imkan verəcəkdir. Tranzit və nəqliyyat sektorlarında əməkdaşlıq üçün yaxşı perspektivlər vardır. İran tərəfi Mərkəzi Asiya dövlətləri və digər ölkələrlə nəqliyyat dəhlizlərinin inkişaf etmiş tranzit şəbəkəsinin mövcud olmasını vurğulayaraq qeyd etmişdir ki, bu şəbəkədən istifadə edilməsi Latviya tərəfini də maraqlandıra bilər.
Latviya ilə İran arasında diplomatik münasibətlər 1921-ci ildə yaradılmışdır. O vaxtdan bəri ilk dəfədir ki, Latviyanın xarici işlər naziri İrana səfər etmişdir.
Son bir ildə Latviya-İran münasibətləri xeyli fəallaşmış, bir sıra ikitərəfli görüşlər həyata keçirilmişdir. 2014-cü il fevralın 24-də Latviyanın İranda ilk səfiri Atis Siyanits akkreditə edilmişdir (səfirliyin iqamətgahı Ankarada yerləşir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa