Efirə yeni çıxan “Qida bələdçisi” verilişi maarifləndirici məqsədə xidmət edəcək
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 27-də ARB24 telekanalında Qida Təhlükəsizliyi Agentliyi ilə “ARB 24” Televiziya Şirkətinin birgə layihəsi olan “Qida bələdçisi” verilişinin ilk buraxılışı yayımlanıb.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, verilişin ilk buraxılışında qida təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər, heyvan kəsimi məntəqələrində aparılan reydlər, sahibkarların qida təhlükəsizliyi qeydiyyatından keçməsinin əhəmiyyəti barədə süjetlər təqdim edilib.
Bununla yanaşı verilişdə “AQTA maarifləndirir” rubrikasında “Qida etiketlərində nələrə diqqət edək?”, “Enerji içkilərinin insan orqanizminə fəsadları” mövzusunda maarifləndirici mövzular müzakirə edilib. Məqsəd tamaşaçılara qida təhlükəsizliyi sahəsində görülən işlər barədə məlumat vermək və onları sağlam qida ilə bağlı maarifləndirməkdir.
“Qida bələdçisi” hər həftənin bazar günü saat 19:30-da efirə çıxacaq.