Əhliman Əmiraslanov: Təbii sərvətlərdən ekoloji cəhətdən səmərəli və davamlı istifadə qlobal əhəmiyyətli məsələdir
Ankara, 26 yanvar, AZƏRTAC
Son dövrlər Türkdilli Ölkələri Parlament Assambleyasına (TÜRKPA) üzv olan ölkələrdə təbii sərvətlərdən ekoloji cəhətdən səmərəli və davamlı istifadə sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi, şəhərlərin ekoloji vəziyyətinin yaxşılaşdırılması eləcə də müvafiq qanunvericilik aktlarının qəbulu istiqamətində səmərəli işlər aparılıb.
Bu fikri AZƏRTAC-a açıqlamasında TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının və Azərbaycan Milli Məclisinin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının Ankarada keçirilən toplantısının səmərəli müzakirələrlə başa çatdığını diqqətə çatdıran Ə.Əmiraslanov qeyd edib ki, “Təbii sərvətlərdən ekoloji cəhətdən səmərəli və davamlı istifadə” mövzusu aktual olmaqla yanaşı, eyni zamanda, qlobal əhəmiyyətə malikdir. Bu məsələ ətraf mühitə, insanların rifahına, xüsusilə əhalinin sağlamlığına birbaşa təsir edən amildir. Məhz bu səbəbdən müzakirə olunan məsələ Birləşmiş Millətlər Təşkilatının dayanıqlı təsirə malik 17 hədəfdən ibarət “Davamlı İnkişaf üçün 2030-cu il gündəliyi”ndə də öz əksini tapıb. Məqsəd təbii sərvətlərimizi gələcək nəsillərə qoruyub saxlamaq üçün ətraf mühitin davamlı idarə edilməsinə nail olmaqdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara