Əhməd Abdullayev: Cənab İbrahimbəyov, siz erməni əsirliyində olmuş Xocalı sakinləri ilə nə vaxtsa görüşmüsünüzmü?!

Bakı, 30 may, AZƏRTAC
Bura Vətəndir, bura Vətəndir! Biz bu mahnının sözlərinə uşaqlıqdan öyrəşmişik... Vətən - hər şeydən ucadır, Vətən - bizim anamızdır, dünyada ən əziz olanımızdır, bu, başının üstündə ölüm təhlükəsi hiss etdikdə sığınacaq tapacağın yerdir.
Bu yaxınlarda oğlum mənə Rüstəm İbrahimbəyovun “Qafqaz triosu” filminə baxmağı məsləhət gördü... Düzünü desəm, bu film mənə çox ağır gəldi, incitdi və xoşagəlməz hisslər oyatdı... Axıradək baxa bilmədim. Məni filmdə tam əks obrazda göstərilən Azərbaycan xalqından ötrü inciklik hissləri bürüdü. Rüstəm İbrahimbəyov Azərbaycanda olan rəqibləri ilə haqq-hesabı çürütmək qərarına gəlib. Lakin əfsuslar olsun ki, bunu ən çirkin və ziyalı üçün yolverilməz üsulla - öz xalqına böhtan atmaqla edib.
Tanınmış azərbaycanlı ssenarist və rejissor, 70-dən çox sənədli filmin və 1000-dən artıq televiziya verilişinin müəllifi, hazırda İsraildə yaşayan Əhməd Abdullayev bu sözləri AZƏRTAC-a müsahibəsində “Qafqaz triosu” filmi barədə fikrini bölüşərkən deyib.
Rejissor Əhməd Abdullayev bildirib ki, insan qəzəbinin artaraq öz xalqına və Vətəninə qarşı heyvani nifrətə çevrilə biləcəyini heç vaxt təsəvvürümə belə gətirməzdim.
Ə.Abdullayev deyib: “Bu filmin müəllifinin dünya kinematoqrafiyasında hörmətli adam, əslən Azərbaycandan olduğunu öyrənəndə mən daha bir şok yaşadım. Mən xalqımızı müasir dövrün kinli iblisi kimi təqdim edən bu hoqqabazlığa baxdım. O, Xocalı haqqında film çəkmək əvəzinə, öz xalqını alçaldan və təhqir edən, yalan və uydurmaya əsaslanan film çəkir. Xocalı soyqırımı - bəşəriyyətin ən yeni tarixində ən dəhşətli kütləvi qətliamlardan biri törədilən zaman o, harada idi?! Erməni faşistlərin cinayətinə, iki yaşlı azərbaycanlı körpənin valideynləri ilə bərabər güllələnməsinə, hamilə qadınların və qocaların avtomat süngüsü ilə öldürülməsinə necə göz yummaq olar?!
Ermənilər tərəfindən törədilən zorakılıq və vəhşiliklər haqqında ictimaiyyətə danışmaq imkanı olmayan dinc Xocalı sakinləri sözlə deyilə bilməyən dəhşətli ağrılarla üzləşəndə o, harada idi?! Bunu gizlətmək fikrim yoxdur, mən bir neçə dəfə xocalılılarla - 1992-ci ilin fevral gecəsinin canlı şahidləri ilə görüşmüşəm.
Cənab İbrahimbəyov, siz erməni əsirliyində olmuş Xocalı sakinləri ilə nə vaxtsa görüşmüsünüzmü?! Bu gün İŞİD qüvvələrinin əsirlərə qarşı törətdiyi qəddarlığı və təsvirəgəlməz dəhşətləri erməni terrorçuları hələ 1992-ci ildə Xocalıda, daha sonra əsirliyə düşən, görünməmiş amansızlıq, təhqir və həqarətlə üzləşmiş azərbaycanlıların da başına gətirmişdilər”.
Ə.Abdullayevin sözlərinə görə, məhz bu səbəbdən, Qarabağ müharibəsini əlində kamera ilə keçmiş bir insan kimi onun üçün Azərbaycanın Xocalı şəhərində qanlı və vəhşi soyqırımı aktı - qorxulu və unudulmaz ağrı, təsəvvürə gəlməz faciədir.
“Mən bütün bunları öz gözlərimlə görmüşəm və günahsız dinc əhalinin, o cümlədən uşaqların meyitləri üzərində təhqiredici, zorakı və qəddarlıq səhnələri indiyədək gözümün önündən getmir. Mən də sənət adamıyam, artıq 20 ildən çoxdur ki, xaricdə yaşayıram, bu qanlı qətliamın bütün ağırlığını görmüşəm və öz Vətənim qarşısında xidmətlərim az olmayıb. “Hörmətli” İbrahimbəyova bir şeyi məsləhət görərdim - qoy, bu filmi tarixin zibilliyinə tullasın, öz xalqı qarşısında min dəfə üzr istəsin və etiraf etsin ki, bu filmi öz şəxsi incikliyinə görə qisas almağa çəkib. Əks təqdirdə ömrünün axırınadək vicdan əzabı çəkəcək. Həmçinin ədalətin təntənəsini gözləyən insanların - qətlə yetirilən və parça-parça edilən günahsız xocalılıların, şəhidlərin, Xocalıda öldürülən 63 uşağın ruhu ona əziyyət verəcək”, - deyə Əhməd Abdullayev vurğulayıb.
Ssenarist və rejissor Əhməd Abdullayevin sözlərinə görə, R.İbrahimbəyov elə yaş həddinə çatıb ki, bu yaşda səhv buraxılmamalıdır və buraxılan səhvlər bağışlanmır. Lakin Azərbaycan xalqı müdrik və humanistdir. Ümid edirəm ki, o, R.İbrahimbəyovun üzrxahlığını qəbul edəcək və günahlarını bağışlayacaq. Bir çoxları onu bağışlaya bilər... Amma Vətən onu bağışlayacaqmı?