ELM VƏ TƏHSİL
“Əhməd bəy Ağaoğlu – böyük narahat adam” adlı biblioqrafiya kitabı çapdan çıxıb

Bakı, 7 iyul, AZƏRTAC
Professor, akademik Hamlet İsaxanlı və “Dünya” məktəbinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mədinə Karahanın tərtibçisi olduqları “Əhməd bəy Ağaoğlu – böyük narahat adam” adlı biblioqrafiya kitabı Xəzər Universitetinin nəşriyyatında çapdan çıxıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, biblioqrafiyada görkəmli ictimai-siyasi xadim, publisist, tarixçi və mədəniyyətşünas Əhməd bəy Ağaoğlunun müxtəlif ölkələrdə və müxtəlif dillərdə dərc olunmuş əsərləri, həmçinin onun həyat və fəaliyyəti haqqında yazılmış əsərlər əks olunub. Nəşrə xronoloji ardıcıllıqla düzülmüş biblioqrafik məlumat, əsərlərin adı, dərc olunduğu mənbə (qəzet, jurnal, kitab, nəşriyyat) və tarix daxil edilib.
Biblioqrafiya və müəlliflər haqqında qısa məlumatlarla başlanan kitabda professor, akademik Hamlet İsaxanlının “Əhməd Ağaoğlu: zəka və şəxsiyyət” adlı geniş elmi-publisistik məqaləsi verilib. Məqaləyə ədəbiyyat siyahısı da əlavə olunub.
Kitab “Əhməd bəy Ağaoğlu fəaliyyətinin əsas tarixləri”, “Əhməd bəy Ağaoğlunun əsərləri, “Əhməd bəy Ağaoğlu şəkillərdə” və “Əhməd bəy Ağaoğlu haqqında yazılanlar” adlı geniş bölmələrdən ibarətdir.
Mütəxəssislərlə yanaşı, digər oxucular üçün də maraqlı ola biləcək kitab nəfis şəkildə çap edilib.