İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti 2011-ci ili uğurlu nəticələrlə yola salmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Ötən il “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti (TED) sifarişçi təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirmişdir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, 2011-ci ildə TED-in 6-cı sahəsində Heydər Əliyev adına Bakı neft emalı zavodunun 10 milyon 466 min kubmetr sənaye çirkab suları, “bp Exploration (Caspian SEA)” LTD-dən daxil olan 125 tonadək ərsin parafini təmizlənmiş, texnoloji proseslər nəticəsində formalaşan 18 min tonadək neft şlamı emal olunaraq zərərsizləşdirilmişdir. TED-in 7-ci sahəsində isə 11 milyon 826 min kubmetr sənaye çirkab suları təmizlənmiş, 10 min tondan çox neft şlamı emal olunaraq zərərsizləşdirilmişdir.
Ötən il TED müqavilə əsasında “AA SERVİCES”, “AAS-ATE” MMC, “Suraxanı OİL Opereyşn Compani S.A.”, ARDNŞ-in Ekologiya İdarəsi, İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, qaz emalı zavodu, “AAS-Ekol” MMC və s. sifarişçi təşkilatlara yüksək səviyyədə xidmət göstərmişdir. İl ərzində bu təşkilatlardan qəbul edilmiş 4 min 364 ton şlam, 8 min 369 kubmetr yağlı su, 1,3 min ton yağlı torpaq, 1,4 min kubmetr döşəməaltı axıntı suları, 26 min 144 kubmetr mədən axıntı suları və digər tullantılar mexaniki üsulla emal olunaraq zərərsizləşdirilmişdir .
Bununla yanaşı, TED ötən il Neft Kəmərləri İdarəsi ilə müqaviləyə əsasən, Dübəndi neft terminalında təqribən 392 kubmetr neftlə çirklənmiş axıntı sularının və 585 kubmetr məişət-təsərrüfat çirkab sularının təmizlənməsi üçün mühəndislik xidmətləri göstərmişdir.