Ekspert: Azərbaycan Avropa üçün qlobal enerji bazarının dəyişən arxitekturasında seçilən təchizatçı olaraq qalır - MÜSAHİBƏ

Bakı, 10 aprel, Tamilla Məmmədova, AZƏRTAC
AZƏRTAC-ın Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkovla müsahibəsini təqdim edirik.
-Rusiya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın əsas istiqamətləri hansılardır?
-Neft və qaz ixracı sahəsində rəqabətə baxmayaraq, Rusiya və Azərbaycan arasında bir neçə qarşılıqlı faydalı əməkdaşlıq istiqamətləri mövcuddur. Bu istiqamətlərdən biri ortaq infrastrukturdan, xüsusən də qaz kəmərlərindən istifadəyə əsaslanır. Azərbaycan ehtiyac duyduğu hallarda daxili bazarı yüksək istehlak dövrlərində təmin etmək üçün Rusiya qazından istifadə edir. Bu, Azərbaycana tələbatı sabit şəkildə təmin etməyə və eyni zamanda, ixracı artırmağa imkan verir. Azərbaycan, həmçinin öz qaz infrastrukturunu aktiv şəkildə inkişaf etdirir ki, bu da ona TAP-TANAP sistemi vasitəsilə Avropaya qaz tədarükünü tam istifadə etməyə şərait yaradır. Lakin qaz boru kəməri şəbəkəsinin, məsələn, Türkiyə və ya Avropaya doğru genişləndirilməsi yeni əməkdaşlıq imkanları açaraq, həm Rusiya, həm də Azərbaycan qazının tədarük həcmlərinin artırılmasına şərait yarada bilər. Neft sahəsində isə Bakı-Mahaçqala-Novorossiysk boru kəmərinin tərs rejimdə istifadəsi müzakirə edilir. Bu, Azərbaycanın öz neft emalı zavodlarının işini optimallaşdırmağa imkan verəcək. Lakin bunun üçün sərfəli qiymət şərtlərinin olması vacibdir ki, bu da gələcək danışıqlar üçün imkanlar yaradır.
-İki ölkə arasında enerji dialoqunun gələcək inkişafını müəyyən edəcək əsas faktorlar nədən ibarətdir?
-Rusiya, həmçinin Azərbaycan və İran üzərindən Körfəzə yeni neft boru kəməri inşa etməyi nəzərdən keçirir. Bu, Hindistan bazarına olan neft tədarükünü nəqliyyat xərclərini azaldaraq Qara dəniz boğazları və Süveyş kanalını keçmədən həyata keçirməyə imkan verəcək. Lakin belə bir layihə əhəmiyyətli sərmayələr tələb edir və yalnız böyük neft həcmlərinin daşınması halında məqbul olacaq. Qaz sahəsində isə Rusiya və Azərbaycan texnoloji məsələlər üzrə əməkdaşlıq edə bilərlər. Rusiya kiçikhəcmli sıxılmış qaz istehsalı zavodlarının tikintisi sahəsində texnologiyalara sahibdir, qaz və neft boru kəmərləri üçün genişçeşidli borular istehsal edir. Öz növbəsində, Azərbaycan Rusiya üçün elektrik enerjisi və qazla işləyən elektrik stansiyaları üçün avadanlıq tədarük edə bilər. SOCAR enerji aktivlərini fəal şəkildə inkişaf etdirir və Rusiya şirkətləri ilə əməkdaşlıq etmək üçün imkanlara malikdir. Buna görə də neft və qaz sahəsində iri layihələrin qlobal bazarda qeyri-sabitlik və sanksiya qeyri-müəyyənliyi səbəbindən müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, Rusiya və Azərbaycanın bir sıra istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlıq üçün potensialı qorunub saxlanılır. Dialoq və əməkdaşlığın gələcək inkişafı isə iqtisadi şəraitdən və geopolitik vəziyyətdən asılı olacaq.
-Qaz sənayesində Azərbaycan-Rusiya əməkdaşlığının perspektivlərini necə qiymətləndirirsiniz?
-Azərbaycan-Rusiya qaz sahəsində əməkdaşlığının perspektivləri, qarşılıqlı faydalı tədarükləri təmin etmək üçün mövcud və yeni mexanizmlərdən istifadə etmə imkanı ilə bağlıdır. Ən mühüm variantlardan biri, Rusiya qazının Azərbaycanın daxili istehlakı üçün təchizatı ilə bağlıdır ki, bu da Azərbaycanın öz hasilat həcmlərini azad etməyə və onları ixraca yönəltməyə imkan verəcək. Belə bir yanaşma Azərbaycan üçün ixrac həcmlərini artırmağa və xarici bazarlarda mövqelərini gücləndirməyə şərait yaradacaq.
Bundan əlavə, Azərbaycan “Şahdəniz-2” kimi qaz yataqlarını inkişaf etdirməyə davam edir və mövcud infrastrukturdan, o cümlədən TAP və TANAP qaz kəmərlərindən tam istifadə edir. Bu, ölkəyə həm daxili, həm də xarici bazarlara davamlı tədarüklər təmin etməyə imkan verir, eyni zamanda, uzunmüddətli müqavilələr ilə həcmlərin artırılması perspektivini yaradır. Beləliklə, gələcəkdə Azərbaycan qaz sahəsində mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə bilər və Rusiyanın qarşılıqlı faydalı layihələr çərçivəsində əməkdaşlığını davam etdirə bilər.
-SOCAR və Rusiya, Qazaxıstan, Özbəkistan şirkətləri arasında imzalanan razılaşmaların strateji əhəmiyyəti nədir? Bu əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiyanın enerji təhlükəsizliyinə necə təsir edəcək?
-2025-ci ilin martında Rusiya, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında çərçivə xarakterli razılaşmalar imzalanıb. Bu sənədlər əməkdaşlıq barədə niyyət bəyanatları və ya memorandumlarıdır. Bununla belə onlar, xüsusilə texniki sahədə qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Əsas diqqət təchizat avadanlıqlarının standartlaşdırılmasına yönəldilib, çünki bu ölkələrin milli standartları böyük ölçüdə sovet normalarına əsaslanır. Son onilliklərdə bəzi dəyişikliklər baş versə də, qaz və elektroenergetika sahəsindəki vahidləşdirmə ümumi bazarın inkişafına kömək edə bilər.
Bundan əlavə, texniki təhlükəsizlik və işçilərin iş şəraiti məsələləri də müzakirə olunur.
Əməkdaşlığın digər bir istiqaməti isə karbon qazlarının emissiyalarını hesablama, onların azaldılması və enerji səmərəliliyinin artırılması ilə bağlıdır.
-Xəzər dənizi regionunda enerji təhlükəsizliyində əsas çağırışlar hansılardır?
-Xəzər regionunda enerji təhlükəsizliyi baxımından vəziyyət stabil qalır. Neft və qaz hasilatına dair məsələlər həll olunub, ölkələr öz şelf sektorlarını bölüşüb və istehsal heç bir ciddi mübahisəsiz həyata keçirilir. Keçmişdə “Nabucco” qaz kəməri layihəsi ətrafında mübahisələr yaranmışdı. Bu layihə Türkmənistan qazını Azərbaycan və Cənubi Qafqaz vasitəsilə Avropaya nəql etmək üçün nəzərdə tutulmuşdu. Lakin layihə həyata keçirilmədi və Türkmənistan öz ixracını Çinə yönəltdi. Hazırda Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən yaşıl elektrik enerjisinin ixracı üçün enerji halqasının yaradılması müzakirə olunur. Bu kontekstdə hidrogen istehsalı və onun daha sonra, məsələn, ammiak şəklində ixracı imkanları nəzərdən keçirilir.
Bundan əlavə, neft ixracının marşrutlarını diversifikasiya etmək haqqında müzakirələr davam edir. Qazaxıstan ənənəvi olaraq Xəzər Boru Kəməri Konsorsiumundan (KТK) istifadə edərək infrastrukturuna edilən hücumlar səbəbindən risklərlə üzləşib, bu da neftin daşınma həcmlərinin azalmasına səbəb olub. Alternativ variantlardan biri qazax neftinin Xəzər dənizi üzərindən tankerlərlə daşıyıb, sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə göndərilməsidir. Ümumilikdə, neft və qazın əsas bazarları bölünüb və yaxın gələcəkdə güclərin balansını dəyişdirə biləcək böyük infrastruktur layihələrinin həyata keçirilməsi gözlənilmir. Lakin neft ixracının marşrutlarını diversifikasiya etmək və yaşıl enerji sahəsinin inkişafı məsələləri hələ də aktual olaraq qalır.
-SOCAR-ın qeyri-sabit enerji bazarı şəraitində əsas strategiyası nədir?
-Şirkətin strategiyası hazırda investisiyaların geri qaytarılmasına və mövcud infrastrukturun səmərəli istifadəsinə yönəlib. Eyni zamanda, SOCAR beynəlxalq genişlənməni davam etdirir və son zamanlar İsrailin şelfində fəaliyyətə başlayıb. Burada yaxın vaxtlarda qazma işlərinə başlanması planlaşdırılır. Beləliklə, şirkət ölkə diversifikasiyasına önəm verir. Digər inkişaf istiqamətlərindən biri isə müxtəlif ölkələrdə, o cümlədən Bolqarıstan və Cənubi-Şərqi Avropanın digər regionlarında emal aktivlərinin alınmasıdır. Şaquli inteqrasiya, məsələn, neft emalı zavodlarının alınması, öz neftinin təmin edilməsi ilə SOCAR bazarın qeyri-sabit şəraitində belə dayanıqlılığını artıracaq. Uzunmüddətli perspektivdə SOCAR ehtimal ki, Asiya bazarlarına daha çox yönələcək, çünki dünya enerji resurslarının əsas istehlakının artdığı yer buradır.
-Azərbaycan qlobal enerji bazarının dəyişən arxitekturasında hansı rol oynayır?
-Azərbaycan Avropa üçün seçilən təchizatçı olaraq qalır, çünki onun tədarükü siyasi risklərə məruz qalmır. Avropa İttifaqı mütəmadi olaraq Azərbaycan qazının həcmini artırmağı xahiş edir, lakin uzunmüddətli müqavilələr bağlamağa hazır deyil, bu isə strateji planlaşdırma üçün risklər yaradır. Azərbaycan Prezidenti İlham Əliyev artıq təmin edilmiş bazarların vacibliyini vurğulayıb.
-Sizcə, Azərbaycan Avropa ilə Asiya arasında enerji resurslarının nəqli üçün əsas əlaqə nöqtəsi ola bilərmi?
-Azərbaycan artıq dünya enerji bazarında mühüm rol oynayır, lakin onun prioriteti tranzit deyil, öz nefti və qazını müstəqil şəkildə ixrac etməkdir. Ölkə Avropaya dayanıqlı təchizatı təmin edən inkişaf etmiş boru kəməri infrastrukturuna malikdir və burada Azərbaycan qazına tələbat yüksək olaraq qalır. Asiyaya ixrac məsələsi isə böyük miqdarda sərmayə tələb edir. Nəzəri olaraq, Aralıq dənizi üzərindən qazın sıxılması və nəqli üçün marşrut yaratmaq mümkündür, amma belə bir layihə boru kəmərlərinin, terminal və nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı yüksək xərclər tələb edir.
Neft sahəsində isə Azərbaycan mövcud ixrac marşrutlarını Rusiya və Türkiyə üzərindən uğurla istifadə edir, endirimlər təklif etmədən sərfəli satış şərtləri ilə təchizat təmin edir. Hazırda ölkə sabit ixracat və hasilatın artırılmasına sərmayə cəlb etməyə fokuslanıb. Mövcud vəziyyətdə Azərbaycan güclü mövqeyə sahibdir, enerji resurslarının etibarlı təchizatını təmin edir və beynəlxalq bazarlarda öz mövqeyini möhkəmləndirir.