İQTİSADİYYAT
Ekspert: İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaza artan tələbatının bir mənbədən asılılığını sona çatdıracaq

Bakı, 26 sentyabr, AZƏRTAC
Türkiyə Prezidentinin ölkəmizə rəsmi səfəri mühüm əhəmiyyətə malikdir. Belə ki, bu səfər İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi ilə yanaşı müdafiə sənayesi müəssisəsinin açılışı ilə də yadda qaldı.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib. Ekspert qeyd edib ki Azərbaycan təbii qazı Qarsdan İğdıra, oradan da Naxçıvana nəql ediləcək. Bununla da muxtar respublikanın qaza artan tələbatının bir mənbədən (İrandan) asılılığı sona çatacaq. Gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə bu kəmərdən təbii qaz əks istiqamətdə nəql olunacaq. Azərbaycan və Türkiyənin tranzit imkanlarını daha da artıracaq.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər ildən-ilə dərinləşir. Belə ki, xarici ticarət dövriyyəsi hər il artmaqdadır. 2023-cü ilin 8 ayının göstəricilərinə görə xarici ticarət dövriyyəsi 5,5 milyard dollar olub. Türkiyə Azərbaycanın İtaliyadan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın ixracının 16 faizi Türkiyənin hesabına formalaşır. İdxalın isə 13 faizi Türkiyənin payına düşür. Xarici ticarət dövriyyəsinin 15 milyarda çatdırılması halında Azərbaycan Türkiyənin 10 əsas iqtisadi tərəfdaşından birinə çevriləcək. Hər dəfə hər iki ölkənin rəhbərlərinin görüşündə iqtisadi məsələlər geniş müzakirə olunur. 2020-ci ildə hökumətlərarası preferensial ticarət sazişinin bağlanması nəticəsində 15 adda məhsulun idxal kvotası çərçivəsində idxal rüsumu 0 səviyyəsinə endirilib.
Samir Heydərov əlavə edib ki, bunlar əsasən ərzaq və kənd təsərrüfatı məhsullarıdır. Azərbaycan Türkiyəyə 20,3 milyard dollar investisiya yatırıb. Ən böyük birbaşa investisiya qoyuluşu (6,3 milyard dollarlıq yatırım) STAR neftayırma zavoduna edilib.
Ekspert qeyd edib ki, Türkiyə Azərbaycana 1995-2021-ci illər arasında 13 milyard dollardan çox investisiya qoyub. Türkiyə Azərbaycanın haqlı mövqeyini həm Vətən müharibəsində, həm də beynəlxalq təşkilatlarda müdafiə edib. İki ölkə arasında qardaşlıq və ortaq kök bizə onu deməyə əsas verir ki, qarşılıqlı münasibətlər bütün sahələr üzrə dərinləşəcək.