DÜNYA
Ekspert: Neft qiymətləri bu ilin sonuna kimi bir barel üçün 98 dollara qədər yüksələ bilər
Bakı, 6 sentyabr, AZƏRTAC
Dünya neft qiymətləri Rusiya və Səudiyyə Ərəbistanının tədarük və hasilatı azaltması fonunda 2023-cü ilin sonuna kimi bir barel üçün 98 dollara qədər yüksələ bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Finam” maliyyə portalının aparıcı eksperti Aleksandr Potavin bildirib.
Onun sözlərinə görə, son vaxtlar neft qiymətləri Səudiyyə Ərəbistanının hasilatın azaldılması müddətinin oktyabr ayına qədər uzadılması gözləntiləri ilə əhəmiyyətli dərəcədə artıb.
Rusiya çərşənbə axşamı sentyabr ayı üçün qəbul edilmiş gündəlik 300 min barel neft tədarükünün könüllü şəkildə azaldılmasını 2023-cü ilin sonuna qədər uzadacağını açıqlayıb. Səudiyyə Ərəbistanı da bu ay qüvvədə olan neft hasilatının sutkada 1 milyon barel azaldılmasını ilin sonuna qədər uzadacağını bildirib.
Bu xəbərlər fonunda neft qiymətləri yüksəlib. Londonun ICE birjasında “Brent” markalı neftin 2023-cü ilin noyabrı üçün fyuçers müqaviləsinin qiyməti ötən ilin 17 noyabr tarixindən bəri ilk dəfə bir barel üçün 91 dollardan yuxarı qalxıb.
"Qiymət artımının səbəbi Səudiyyə Ərəbistanının bu addımının bazar gözləntilərini aşması idi" - deyə Potavin əlavə edib.