Ekspert: Neftin qiymətinin 90 dollardan yuxarı qalxması Azərbaycan üçün həm fürsət, həm də xəbərdarlıqdır
Bakı, 19 avqust, AZƏRTAC
Neft qiymətlərinin yenidən 90 dollar həddini keçməsi yalnız enerji bazarının göstəricisi kimi deyil, Yaxın Şərqdə geosiyasi risklərin qlobal iqtisadiyyata təsiri kimi qiymətləndirilməlidir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, hazırda “Brent” markalı neftin qiyməti daha çox tələb-təklif balansından deyil, təchizat təhlükəsizliyi risklərindən formalaşır. Ekspertin sözlərinə görə, əsas məsələ neftin 90 dollara çatması deyil, qiymətin hansı müddətdə yüksək səviyyədə qalacağıdır. A.İbrahimov qeyd edib ki, normal şəraitdə dünya neft ticarətinin təxminən beşdəbiri Hörmüz boğazından keçir.
“Beynəlxalq dənizçilik hesabatlarına görə, Yaxın Şərqdə hərbi eskalasiya və müharibə başlamazdan əvvəl Hörmüz boğazından gündə orta hesabla 130–150 gəmi keçdiyi halda, avqustun 18-də bu göstərici cəmi 6 gəmi olub. Bu, bazara çox ciddi siqnal verir. Neft fiziki olaraq mövcud olsa belə, onun dünya bazarına çıxarılması çətinləşirsə, qiymət yüksəlir. Hörmüz boğazı ilə yanaşı, Bab əl-Məndəb istiqamətində də risklərin qalması vəziyyəti daha da mürəkkəbləşdirir. Beləliklə, söhbət artıq bir marşrutun müvəqqəti pozulmasından deyil, qlobal enerji logistikasının iki mühüm boğazında eyni vaxtda risk yaranmasından gedir. Alternativ marşrutlar və bəzi istehsalçıların alternativ yükləmə imkanları müəyyən qədər tampon rolunu oynaya bilər. Lakin onların imkanları məhduddur. Hörmüz boğazından keçən neft axınının yalnız bir hissəsini alternativ boru kəmərləri vasitəsilə istiqamətləndirmək mümkündür”, - deyə iqtisadçı-ekspert vurğulayıb.
Azərbaycan üçün yüksək neft qiymətinin iki fərqli tərəfinin olduğunu qeyd edən A.İbrahimov deyib ki, neftin 90 dollar və daha yüksək səviyyədə qalması ixrac gəlirlərini, valyuta daxilolmalarını və dövlətin fiskal imkanlarını artırır: “Bu, büdcə gəlirləri və xarici ticarət balansı baxımından müsbət amildir. Azərbaycan neftdən əlavə gəlir əldə edərkən həmin gəlirin bir hissəsi dünya bazarında bahalaşan məhsulların idxalına sərf oluna bilər. Azərbaycan üçün ən optimal ssenari neftin kəskin sıçrayış etməsi deyil, yüksək, lakin sabit qiymət mühitidir. Çünki 90–100 dollar diapazonunda sabit neft qiyməti büdcə və ixrac gəlirlərinin artmasına imkan verir. 120–150 dollar kimi kəskin qiymət sıçrayışı isə qlobal iqtisadiyyat üçün resessiya, inflyasiya və tələbin azalması risklərini artıra bilər. Azərbaycan kimi enerji ixracatçısı üçün neftin bahalaşması qısamüddətli üstünlükdür. Lakin əsas məsələ həmin əlavə gəlirin iqtisadiyyatın diversifikasiyasına, qeyri-neft sektorunun inkişafına və uzunmüddətli maliyyə dayanıqlığına yönəldilməsidir”.
Ekspertin fikrincə, hazırkı mərhələdə Azərbaycanın əsas diqqəti neftin bahalaşmasından əldə edilən əlavə gəlirin necə istifadə olunmasına yönəlməlidir.
“Əgər qiymət artımı yalnız cari xərclərin genişləndirilməsinə və idxalın artmasına xidmət edərsə, uzunmüddətli iqtisadi effekt məhdud olacaq. Əksinə, əlavə neft gəlirləri istehsal, logistika, kənd təsərrüfatı, enerji infrastrukturu və ixrac potensialının artırılmasına yönəldilərsə, bugünkü geosiyasi risk gələcək üçün iqtisadi üstünlüyə çevrilə bilər. Neftin qiymətinin 90 dollardan yuxarı qalxması Azərbaycan üçün həm fürsət, həm də xəbərdarlıqdır. Bu, ölkənin ixrac və büdcə gəlirlərini artırdığı üçün fürsətdir. Eyni zamanda, dünyada enerji böhranının dərinləşməsi ərzaqdan logistika və sənayeyə qədər bütün xərc zəncirini bahalaşdıra biləcəyi üçün xəbərdarlıqdır”, – deyə o əlavə edib.