Əlcəzair kəşfiyyatının rəhbəri istefaya göndərilib
Bakı, 5 aprel, AZƏRTAC
Əlcəzair kəşfiyyatının rəhbəri Atman Tartaq hökumət əleyhinə aksiyalar fonunda bu gün istefaya göndərilib.
AZƏRTAC “Ən-Nahar” qəzetinə istinadla xəbər verir ki, onun istefası barədə qərar Əbdüləziz Buteflikanın prezident postundan getməsindən sonra ölkənin müvəqqəti hökuməti tərəfindən qəbul edilib. Əlcəzair ordusunun sabiq generalı olan Tartaq prezident Buteflikaya aktiv dəstək verən şəxslərdən biri idi.
Xatırladaq ki, hökumət əleyhinə bir aydan çox davam edən kütləvi aksiyalardan sonra martın 2-də Əbdüləziz Buteflika prezident postundan istefa verdiyini bildirib. Növbəti gün Əlcəzairin konstitusiya şurasının üzvləri onun istefasını rəsmən təsdiqləyib.
Ölkə Konstitusiyasına əsasən, bundan sonra Xalq Şurasının (yuxarı palata) sədri 90 gündən çox olmayaraq dövlət başçısı vəzifələrini icra etməlidir. Hazırda bu postu Buteflikanın silahdaşı Əbdülqadir Bensaleh tutur.
Bu gün Əlcəzairin paytaxtında hökumət əleyhinə ilk miqyaslı etirazlar başlayıb. Nümayiş iştirakçıları Buteflikanın bütün silahdaşlarının, o cümlədən Baş nazir Nurəddin Beduinin, həmçinin bundan sonra ölkə prezidentinin səlahiyyətlərini icra etməli olan Bensalehin istefasını tələb edirlər.