Elçin Babayev: Elmin İnkişafı Fondu artıq tam şəkildə formalaşmış bir quruma çevrilmişdir
Bakı, 18 may (AZƏRTAC). Mayın 16-dan 18-dək Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı və maliyyə dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan-2020: elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi” mövzusunda Beynəlxalq seminar-treninq keçirilmişdir.
AZƏRTAC-ın tədbirin əhəmiyyəti və EİF-in fəaliyyəti ilə bağlı suallarını fondun icraçı direktoru Elçin Babayev cavablandırmışdır:
- Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkənin digər sahələrində olduğu kimi, elmin inkişafı, elmi potensialın gücləndirilməsi üzrə də bir sıra mühüm vəzifələr müəyyənləşdirilmişdir. Bu vəzifələrin həlli dövlət qurumları, elmi institutlar, beynəlxalq təşkilatlar və digər aidiyyəti strukturlarla sıx əməkdaşlıq əlaqələrinin qurulmasını tələb edir. Eyni zamanda, ölkədə müvafiq kadr potensialının olmasına, kadr hazırlığına ciddi fikir verilməlidir.
Elmin İnkişafı Fondunun fəaliyyətinin əsasını qrant layihələri vasitəsilə elmin maliyyələşdirilməsi təşkil edir. Bununla yanaşı, fond elmin inkişafına təkan verən müxtəlif tədbirlər, treninqlər də keçirir. Bu treninqlərə, bir qayda olaraq, xaricdən tanınmış mütəxəssislər dəvət olunurlar.
Elmi statistika mövzusunda UNESCO-nun mütəxəssisləri ilə birgə keçirilmiş treninqi xüsusilə qeyd etmək lazımdır. Bu yaxınlarda məşhur “Springer” nəşriyyatının mütəxəssisləri EİF-in dəstəyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə Bakıda alimlərimiz üçün seminar-treninq - “Müəllif seminarı” təşkil etmişlər. Məqsəd alimlərimizin elmi nəticələrinin yüksək səviyyədə təbliğinə və nüfuzlu jurnallarda dərc olunmasına kömək etmək idi.
Ukrayna Milli Texniki Universiteti - “Kiyev Politexnik İnstitutu” (UMTU “KPİ”) ilə birgə təşkil olunmuş son seminar-treninq adından da göründüyü kimi, iki hissədən ibarət idi. Seminarda elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi məsələsi müzakirə olunmuşdur. Çünki elmin qrantlar yolu ilə maliyyələşdirilməsi artıq alternativ və çevik bir maliyyələşdirmə yoludur. Ukraynadan dəvət olunmuş, Avropada tanınmış mütəxəssislərin keçirdikləri ikigünlük treninqdə isə müxtəlif məsələlərə toxunulmuşdur. Həmin məsələlər İnkişaf Konsepsiyasında da əksini tapmışdır. Bunların sırasında elmi nəticələr üzrə əqli mülkiyyət hüquqlarının qorunması xüsusi qeyd olunmalıdır. Bu treninqlər müntəzəm xarakter ala bilər. Çünki tədbirdə treninqin təşkilatçısı olan UMTU “KPİ” ilə Elmin İnkişafı Fondu arasında memorandum imzalanmışdır.
Sənəddə əməkdaşlığa dair bir sıra məsələlər, o cümlədən Bakıda bu cür treninqlərin müntəzəm keçirilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, tanınmış nəşriyyat evlərindən olan “Elsevier” ilə də danışıqlar aparırıq və onların mütəxəssisləri ilə birgə il ərzində Bakıda alimlər üçün elmi jurnalların tələbatları mövzusunda treninqlər təşkil edəcəyik. Elmin İnkişafı Fondu yaxın günlərdə ölkənin böyük elmi mərkəzlərinin fəaliyyət göstərdiyi regionlarda - Gəncə və Naxçıvanda da qrant iddiaçılarına kömək məqsədi ilə təlim-seminarların keçirilməsinə başlayacaqdır.
Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri də beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. Artıq Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu ilə birgə birinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsini elan etmişik. Müsabiqənin elmi ekspertiza mərhələsi başa çatmışdır və bu günlərdə nəticələri açıqlanacaqdır. Bundan əlavə, Koreya Milli Tədqiqatlar Fondu və Rusiya Fundamental Tədqiqatlar Fondu ilə də əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Zənnimcə, bunlar fondun çoxşaxəli fəaliyyətini əks etdirən məqamlardandır.
- Artıq üç ildir fəaliyyət göstərən və elmimizin inkişafına, dünya elminə inteqrasiyasına təkan verən Elmin İnkişafı Fondu öz inkişafının hansı mərhələsindədir?
- Elmin İnkişafı Fondu artıq tam şəkildə formalaşmış, öz inkişaf istiqamətlərini müəyyənləşdirmiş və məqsədlərinə doğru qətiyyətlə irəliləyən bir quruma çevrilmişdir. Fondun dəstəyi və təşkilatçılığı ilə bir neçə sanballı müsabiqə keçirilmişdir. May ayında iki müsabiqə elan etmişik. Bunlar artıq ikinci dəfə keçirilən “Şuşa qrantı” və “Mobillik qrantı” müsabiqələridir.
“Mobillik qrantı”nın məqsədi alimlərimizin elmi fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə keçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaqdır. Bu müsabiqənin ildə üç dəfə keçirilməsi nəzərdə tutulmuşdur.
Cari ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının icrasında Elmin İnkişafı Fondunun da iştirakı nəzərdə tutulmuşdur. Fond Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə informasiya-kommunikasiya texnologiyaları üzrə qrant müsabiqəsi keçirəcəkdir. Bütün bunlar göstərir ki, Elmin İnkişafı Fondu daim inkişafdadır, fəaliyyətini tənzimləyir və təkmilləşdirir.
- İctimaiyyətin diqqətini daha çox cəlb edən “Şuşa qrantı” artıq ikinci dəfədir elan olunur. Bu müsabiqə ilə bağlı nə deyərdiniz?
- “Şuşa qrantı” müsabiqəsi ötən il mayın 8-də - Şuşa şəhərinin işğalının ildönümü günü, Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədi ilə təsis edilmiş və elan olunmuşdur. Bu il müsabiqəni UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası ilə birgə mayın 10-da elan etmişik. Müsabiqəyə ötənilkindən daha çox və daha rəngarəng mövzularda layihələrin daxil olacağını gözləyirik. Onlar təkcə humanitar və ictimai elmlər sahəsini deyil, eyni zamanda, tibb sahəsini, məcburi köçkünlərin və qaçqınların reproduktiv sağlamlığı, onların ümumi sağlamlıq məsələlərinin araşdırılması və psixoloji durumu məsələlərini də əhatə edəcəkdir.
- Ötən il bu müsabiqədə xarici mütəxəssislər də iştirak etmişdilər. Bu il yenə belə müştərək layihələr gözlənilirmi?
- Doğrudur. Birinci “Şuşa qrantı” müsabiqəsinin nəticələri üzrə yerinə yetirilən dörd layihədən ikisi beynəlxalq xarakterli olmuşdur və hazırda onların icrası Almaniya və Ukrayna alimləri ilə birlikdə uğurla davam etdirilir. Biz bu il də belə layihələrin daxil olacağını gözləyirik. Çünki bu müsabiqə beynəlxalq xarakterlidir və bütövlükdə Qarabağla, onun zəngin tarixi, maddi və qeyri-maddi mədəni irsi, etnoqrafiyası ilə bağlıdır. Biz bu layihələri qrantlar vasitəsilə dəstəkləməyə hazırıq. Təqdim olunan layihələr içərisindən ən dəyərliləri seçilir. Bir qayda olaraq “Şuşa qrantı” üzrə layihələrin yekununda biz hər hansı bir nəşri - kitab, monoqrafiya və s. nəzərdə tuturuq. Həmin əsərlərin müxtəlif dillərdə nəşr olunmasına çalışacağıq. Məqsəd Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ gerçəkliklərinin dünyaya çatdırılmasıdır. Bu isə təbliğat aparılmadan mümkün deyildir.
- Müsabiqə mövzularını kim müəyyənləşdirir: Elmin İnkişafı Fondu, yoxsa iştirakçılar?
- EİF həmin müsabiqə üçün elmi prioritetləri müəyyənləşdirir, təqdim olunan mövzuları isə layihənin rəhbərləri və iştirakçıları seçirlər. Yəni burada sifarişli layihələr yoxdur. Lakin prioritetlərdən və elanın məzmunundan aydın olur ki, hansı mövzular daha vacib və əhəmiyyətlidir. Layihədə alim və mütəxəssislər iştirak edə bilərlər. Onlara ad, mövzu seçimində sərbəstlik verilir. Amma layihələr üçün əsas meyar, hər şeydən əvvəl, onların elmtutumlu olmasıdır.