CƏMİYYƏT
Əlilliyi olan şəxslərlə əlaqədar “Bərabərsizliyin azaldılması” mövzusunda ictimai müzakirə keçirilib









Bakı, 21 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə əlilliyi olan şəxslərlə bağlı “Bərabərsizliyin azaldılması” mövzusunda ictimai müzakirə keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əlilliyi olan şəxslərə müyəssərlik (iş, təhsil, səhiyyə və digər sosial mühitin, ictimai, nəqliyyat və kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunluğu) məsələləri müzakirə edilib.
Yeni infrastruktur layihələrinin icrasında artıq bu amilin nəzərə alındığı qeyd olunaraq, xüsusilə nəqliyyatdan istifadənin əlilliyi olan şəxslərin xüsusiyyətlərinə müyəssərliyinin təmin edilməsi sahəsində mövcud vəziyyətə dair geniş fikir mübadiləsi aparılıb.
Son illər ölkədə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsinin reabilitasiya xidmətləri ilə əhatə olunanların sayının dəfələrlə artmasına imkan verdiyi vurğulanıb. Əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası, abilitasiyası sahəsində sistemli tədbirləri nəzərdə tutan Fərdi Reabilitasiya və Abilitasiya Proqramının əhəmiyyətindən bəhs olunub.
Dövlət tərəfindən verilən reabilitasiya vasitələri siyahısına iki il əvvəl 23 yeni növ də əlavə olunmaqla 57-yə çatdırılmasının, 2020-ci ilin dekabrından ölkədə yüksək texnologiyalı son nəsil müasir protezlə təminat işlərinin aparılmasının da əlilliyi olan şəxslərin reabilitasiya və inteqrasiyasında mühüm əhəmiyyəti vurğulanıb. Ötən ilin oktyabrında açılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialı və sosial inteqrasiyasının dəstəklənməsində xüsusi rolu qeyd edilib.
Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsi üçün icra olunan proqramlardan, tibbi reabilitasiyadan sosial reabilitasiya modelinə keçid sahəsində aparılan işlərdən də bəhs olunub, mövzuya dair fikrilər və təkliflər ifadə olunub.