Əliqismət Bədəlov: İlin yekun sözünü qürurla, alnıaçıq, üzüağ, Qələbə əhval-ruhiyyəsi ilə demək hər dövlət başçısına nəsib olmur

Bakı, 5 yanvar, AZƏRTAC
Geridə qoyduğumuz 2023-cü il xalqımızın yaddaşına əbədi həkk olundu. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildə bir-birinin ardınca qazandığımız uğurlar, tarixi qələbələr, nəhayət, özünün pik həddinə çatdı. Otuz ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımız düşməndən tam azad edildi. 2023-cü il ona görə yaddaşlarda əbədi qalacaq ki, məhz bu ildə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam bərpa edildi, separatizmin kökü birdəfəlik kəsildi. Məhz 2023-cü ildə Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə Azərbaycan Bayrağı qaldırıldı. İşğaldan azad edilmiş bütün ərazilərimizdə hazırda Azərbaycan Bayrağı dalğalanır. Qürurla deyə bilərik ki, Azərbaycan 2023-cü ili qalib ölkə kimi başa vuran yeganə dövlətdir.
Bu fikirləri siyasi şərhçi Əliqismət Bədəlov AZƏRTAC-a açıqlamasında bildirib.
Siyasi şərhçi deyib ki, Prezident İlham Əliyev işğala və separatizmə son qoyan, eyni zamanda, işğalçıların havadarlarını, onları dəstəkləyən qüvvələri də məğlub edən yeganə dövlət başçısıdır. Qarabağda birgünlük antiterror tədbirləri nəticəsində separatçı qüvvələrin 15 minlik silahlı birləşməsini diz çökdürmək, separatizm yuvasını dağıtmaqla Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini bərpa etmək dünyada nadir hadisələrdəndir. Bunu həm də ölkəmizin yekun qələbəsi də adlandırmaq olar. Söz yox ki, yenilməz Azərbaycan Ordusu hələ üç il əvvəl - 2020-ci ildə işğalçı Ermənistanı diz çökdürərək kapitulyasiya aktını imzalamağı məcbur etmişdi. Ancaq bu, son deyildi. Çünki Ermənistanın 15 minlik silahlı birləşməsi Qarabağda təxribatçı əməllərini davam etdirir, mina terroru ilə dinc əhalini, hərbçilərimizi qətlə yetirirdi. Məhz bu baxımdan ərazi bütövlüyümüz tam təmin olunana qədər düşmənə layiq olduğu yer göstərilməli idi. Bu barədə Ermənistanın siyasi və hərbi rəhbərliyinə, onun havadarlarına dəfələrlə xəbərdarlıq edilsə də, düşmən 2020-ci il məğlubiyyətindən ibrət götürmək istəmirdi. Prezident İlham Əliyev 2023-cü il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində də bu barədə ətraflı məlumat verdi. Ötən ilin yekun sözünü qürurla, alnıaçıq-üzüağ, qələbə əhval-ruhiyyəsi ilə demək də hər dövlət başçısına nəsib olmur. Bu sözü deməyə qadir olan dövlət başçısı, mənəvi və hüququ çatan yeganə lider də Prezident İlham Əliyevdir.
Ə.Bədəlov dövlətimizin başçısının müraciətindəki bəzi məqamları xatırladaraq qeyd edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, separatçı rejimin çökməsi dünya azərbaycanlılarını haqlı olaraq bir araya, bir yumruq halına gətirib. Bu gün “Dəmir yumruq” birliyimizin rəmzinə çevrilib. Həm Ermənistan, həm onun havadarları, unutmamalıdırlar ki, “Dəmir yumruq” hər zaman yerindədir. Hazırda Qərbdə, eləcə də dünyada ikili standartların hökm sürməsinə , Azərbaycana qarşı təzyiqlərə, hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq, biz mövqeyimizdən, tutduğumuz yoldan dönən deyilik. Azərbaycan Ordusunun peşəkarlığı, qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı heç zaman unudulmayacaq. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər və zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır. Ermənistan rəhbərliyi bu tarixi dərslərdən nəticə çıxarmalı, bir daha “Dəmir yumruğ”un qəzəbinə tuş gəlməməlidir. Dövlətimizin başçısı xalqımızı, eləcə də bütün dünya azərbaycanlılarını əmin etdi ki, “Dəmir yumruq” bundan sonra da hər zaman yerində olacaq.
Siyasi şərhçi tarixi Qələbəmizdən sonra Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını, son illər ölkəmizdə keçirilən mühüm əhəmiyyətli tədbirlərin sırasına daha birinin də daxil edildiyini vurğulayaraq deyib: “Ötən ilin dekabrında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələrinin yekdil qərar qəbul etməsi - COP29-un gələn il Azərbaycanda keçirilməsi də bundan xəbər verir. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin - Qarabağ və Şərqi Zəngəzurun bu gün böyük tikinti meydanına çevrildiyini də diqqətə çatdırdı. Qeyd etdi ki, şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. 2024-cü ildə keçmiş köçkünlər, qaçqınlar bir neçə yaşayış məntəqəsinə qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin - soydaşlarımızın sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. 2023-cü il xalqımızın yaddaşında həm də Azərbaycanda “Heydər Əliyev İli” kimi qalacaq. Ulu Öndərin 100 illiyi həm ölkə, həm də xaricdə böyük təntənə ilə qeyd edildi. Ötən ilin sonunda Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırılmış Dövlət Bayrağı, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında keçirilmiş Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir”.