İQTİSADİYYAT
Elman Həsənov: 17 Radio-Televiziya Yayım Stansiyasının hər birindən 15-dək ümumölkə radioproqramının yayımı nəzərdə tutulub
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Sərəncamının icrası çərçivəsində 17 Radio-Televiziya Yayım Stansiyasının (RTYS) hər birindən 15-dək ümumölkə radioproqramının yayımı nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Teleradio” İstehsalat Birliyinin Baş direktoru vəzifəsini icra edən Elman Həsənov bildirib.
“Bu stansiyalarda quraşdırılması məqsədilə ümumilikdə 176 ədəd FM radioyayım ötürücüsü, 60 dəst anten sistemi, 48 ədəd cəmləmə qurğusu, 67 ədəd peyk avadanlığı və 44 ədəd Radio Data Sistemi (RDS) qurğusu xaricdən tədarük edilib. Artıq bu qurğuların quraşdırma işləri başa çatmaq üzrədir. Sərəncama əsasən, bu işlərin aparılması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon manat vəsait ayrılıb. Eyni zamanda, bu vəsait hesabına müasir radioyayım şəbəkəsinin qurulması üçün infrastrukturda təkmilləşdirmə işləri aparılmaqdadır”, - deyə E.Həsənov qeyd edib.