SİYASƏT
Elmar Məmmədyarov: Azərbaycan Asiyanın Qəlbi regionunda sabitliyi, yenidənqurma səylərini və inkişafı hər zaman dəstəkləyəcək
Bakı, 1 dekabr, AZƏRTAC
2011-ci ildə təsis olunduqdan bəri “Asiyanın Qəlbi - İstanbul Prosesi” istər Prosesdə iştirak edən dövlətlər, istərsə də Prosesə dəstək verən dövlət və təşkilatların Əfqanıstanda və regionda vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş səylərinin möhkəmləndirilməsi baxımından səmərəli çoxtərəfli platforma kimi özünü sübut edib. Bu platforma regionda və regiondan kənarda yerləşən dövlətlər arasında dialoq və əməkdaşlıq yolu ilə Əfqanıstanda sülh, sabitlik və rifahın əldə edilməsi üçün nadir imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransındakı çıxışında bildirib.
Nazir deyib: “Bu gün biz İstanbul Prosesinin həmsədri kimi öz missiyamızı yekunlaşdırırıq. Buna baxmayaraq, Azərbaycan ikitərəfli səylər və müxtəlif çoxtərəfli platformalar vasitəsilə Asiyanın Qəlbi regionunda sabitliyi, sülh şəraitində yenidənqurma səylərini və inkişafı dəstəkləməyə davam edəcək. Öz həmsədrliyindən istifadə etməklə Azərbaycan Prosesin qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində bütün mümkün töhfələri verib. 2017-ci ildə biz Bakı və Nyu-York şəhərlərində yüksək vəzifəli məmurların görüşlərini, eləcə də Narkotiklərlə Mübarizə və Regional İnfrastruktur üzrə Etimad Quruculuğu Tədbirləri çərçivəsində ekspertlərin görüşlərini təşkil etmişik.
İnanırıq ki, təhlükəsiz, özünəinamlı və özünü təmin edə bilən Əfqanıstan regionun daha yaxşı gələcəyində mühüm rol oynaya bilər. Məhz buna görə də Azərbaycan Əfqanıstanın dayanıqlı dövlət qurmaq səylərini ardıcıl olaraq dəstəkləyib, əfqan rəsmiləri üçün genişmiqyaslı hərbi, dövlət idarəçiliyi, hüquq mühafizə, minalardan təmizləmə, tibbi və reabilitasiya sahələri üzrə təlimlər təşkil edib, elektron idarəçilik və ictimai xidmətlərin çatdırılması üzrə öz təcrübəsini Əfqanıstanla paylaşıb. Bu gün bizim hərbçilərimiz Qətiyyətli Dəstək Missiyasında xidmət edir və biz Əfqanıstan Milli Ordusuna yardımlarımızı davam etdiririk”.
Nazir qeyd edib ki, Azərbaycanın regionun nəqliyyatla birləşdirilməsi sahəsindəki töhfələri Əfqanıstan və ümumilikdə regionun yeni regional bazarlara çıxması və beynəlxalq ticarət şəbəkələrinə qoşulması üçün yeni imkanlar yaradır. Bu yaxınlarda açılışı həyata keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti və bu gün burada iştirak edən beş dövlətin imzaladığı Lapis-Lazuli müqaviləsi regionda əmtəə və sərnişinlərin rahat hərəkətinə imkan yaradacaq. Gürcüstan və Azərbaycandan başlayaraq Xəzər dənizi vasitəsilə Orta Asiyaya qədər uzanan geniş coğrafi region dünyanın ən böyük təchizat və tələb bazarlarını birləşdirən qitələrarası ticarət marşrutları üzərində yeni rəqabətədavamlı ticarət və tranzit arteriyasına çevrilib. Bu baxımdan, biz inanırıq ki, Lapis-Lazuli müqaviləsi sadəcə Əfqanıstanı Avropa bazarlarına yaxınlaşdırmaqla məhdudlaşmayacaq, həmçinin regionda beynəlxalq ticarətin dəstəklənməsində mühüm rol oynayacaq.
Elmar Məmmədyarov vurğulayıb ki, münaqişənin problemlərini bilavasitə öz üzərində hiss etməli olan Azərbaycan uzun müddətdən bəri qonşu Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini çox gözəl dərk edir. Biz hesab edirik ki, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət regionda davamlı sülh, təhlükəsizlik və sabitliyin təminatçısı ola bilər.
“Təhlükəsizlik və iqtisadi inteqrasiya yolu ilə möhkəmləndirilmiş Asiyanın Qəlbi regionuna doğru” mövzusunda keçirilən bugünkü konfrans yalnız təhlükəsizlik və iqtisadi baxımdan biri-biri ilə inteqrə olmuş regionun gələcəkdə ortaya çıxacaq istənilən çağırış və təhdidlərə müqavimət göstərə biləcəyi ilə bağlı baxışımızı əks etdirir. Biz ümidvarıq ki, bugünkü konfransın yekununda qəbul etməyi planlaşdırdığımız Bakı Bəyannaməsi regionumuzun buğun üzləşdiyi çağırış və təhdidlərin aradan qaldırılması istiqamətində çox mühüm sənəd olacaq.