Elmi Şuranın iclası məşhur oftalmoloq-alimin xatirəsinə həsr olunub
Bakı, 30 aprel, AZƏRTAC
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclası görkəmli oftalmoloq akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunub.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, iclasın əvvəlində akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rektor, professor Nazim Qasımov məşhur oftalmoloq Zərifə Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, yüksək intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə böyük töhfələr vermiş tanınmış alim olması barədə danışıb.
Terapiya fakültəsinin dekanı dosent Zemfira Quliyeva akademikin həyat və sosial fəaliyyəti haqqında məruzə edib. Bildirilib ki, məşhur göz həkiminin elmi fəaliyyətinin uzun dövrü Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrası ilə bağlı olub. O, 1982-ci ildə institutun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçilib. Onun iştirakı ilə keçən klinik araşdırmalar, xəstələrin yoxlamaları və konsiliumlar gənc həkimlərin təkmilləşdirilməsində əhəmiyyəti rol oynayıb.
Prorektor, dosent Təyyar Eyvazov çıxış edərək görkəmli alimin elmi fəaliyyəti haqqında danışaraq qeyd edib ki, 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən “Rezin istehsalında gözün peşə patologiyası” monoqrafiyasına görə SSRİ Elmlər Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülməsi onun elmi xidmətlərinə verilən qiymət idi.
Tədbirin sonunda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan film nümayiş edilib.