Elmi Tədqiqat və Travmatologiya İnstitutu: Hər gün kəskin travması olan 200-dək xəstə bizə müraciət edir

Bakı, 20 may, AZƏRTAC
Elmi Tədqiqat və Travmatologiya İnstitutu ən müasir texniki avadanlıqlarla təchiz edilib. Burada 3 müasir rentgen müayinə aparatı, ən son kompüter tomoqrafiya cihazı, əməliyyatların həyata keçirilməsi üçün 3 skopiya cihazı da var. Laboratoriya müasir biokimya və ifa üsulu ilə analizlərin aparılması üçün aparatlarla təmin olunub Bu il Səhiyyə Nazirliyi tərəfindən institutun 2-ci binasının əsaslı təmir edilməsi, həmçinin 1.5 tesla MRT və əlavə olaraq 1 skopiya cihazı, eləcə də bütün fizioterapiya avadanlıqları ilə təmin edilməsi nəzərdə tutulur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elmi Tədqiqat və Travmatologiya İnstitutunun baş həkimi, baş direktorun müalicə işləri üzrə müavini Nizami Məmmədov deyib.
Baş həkim müsahibəsində instituta müraciət edən pasiyentlərin sayı barədə də danışıb. O, ambulator şəraitdə müraciət edən xəstələrin sayının çoxluq təşkil etdiyini qeyd edib: “Təbii ki, bu xəstələr özləri yeriyə bilən, fiziki aktiv insanlardır. Amma hər hansı bir oynağında və ya bədənin digər hissəsində patologiyası var. Buna qığırdaq, vətər, sümük zədələnmələri daxildir. Gün ərzində bizə 200-ə yaxın kəskin travması olan xəstə müraciət edir. Bununla yanaşı, təcili müraciət edən və təcili tibbi yardım maşını ilə gətirilən xəstələrə də xidmət göstəririk. İnstitutun bütün şöbələri təcili tibbi yardım üçün müraciət edən xəstələrin müalicəsinin aparılması, ilkin və sonrakı mərhələ müalicəsinin həyata keçirilməsi, ixtisaslaşmış tibbi yardımın göstərilməsi üçün günün bütün saatlarında hazırdır. Bu, iş yükümüzə o qədər də təsir etmir. Ambulator müraciətlərin sayı isə həddindən artıq çoxdur. Bu, iş yükümüzü iki-üç dəfə artırır. Məsələn, gün ərzində 400-450 nəfərə rentgen müayinəsi göstərilir. Rentgen üçün xüsusi personalımız olsa da, bu göstərici gündəlik limiti aşır. Buna baxmayaraq, instituta müraciət edən hər kəsə xidmət göstəririk, bunun üçün bütün heyətimizi işə cəlb edirik. İnstitutun kifayət qədər - 513 nəfər personalı var. Onlardan 75-i həkimdir. Onların da 50 faizi aktiv cərrahi əməliyyatlarla məşğuldurlar”.
Nizami Məmmədov institutda hazırda 100 nəfər xəstənin stasionar şəraitdə müalicə aldığını bildirərək qeyd edib. “Xəstələr gəlir, cərrahi əməliyyat olunur, vəziyyətləri normallaşandan sonra evə buraxılırlar. Bəzən xəstələrin 3-4 həftə burada müalicə edilməsi lazım gəlir. Ağır komada olan, yəni çoxprofilli həkim tələb edən xəstələr bizim xəstələrimiz hesab olunmurlar. İl ərzində 6 minə yaxın ağır cərrahiyə əməliyyatını icra edirik. Bu da ay ərzində təxminən 500 xəstənin əməliyyat olunması deməkdir. Bu göstəricinin yüksək olması tibbi sığortanın tətbiqi ilə bağlıdır. Vətəndaşlar üçün tibbi sığorta tətbiq edilməmişdən əvvəl bu göstərici iki dəfə aşağı idi”, - deyə o vurğulayıb.
Baş həkim Nizami Məmmədovun AZƏRTAC-a müsahibəsinin geniş variantı ilə bu linkdə tanış ola bilərsiniz.