Elmi tədqiqatların koordinasiyasının təkmilləşdirilməsi ilə bağlı müşavirə keçirilib
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində elmi şuraların veb-saytlarına məsul şəxslərin iştirakı ilə müvafiq sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələrin icrasına həsr olunan müşavirə keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək elmin koordinasiyası məsələsinin həlli tələb olunan mühüm problem olduğunu söyləyib, bu məsələnin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının da diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, elmi müəssisə və təşkilatların həyata keçirdiyi elmi-tədqiqat işlərinin əlaqələndirilməsinin təmin edilməsi məsələsi “Elm haqqında” Qanunda da təsbit olunub.
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının fəaliyyət istiqamətlərindən söz açan akademik elmi qurumların fəaliyyətinin optimallaşdırılması və təkmilləşdirilməsinin qarşıda duran əsas hədəflərdən olduğunu nəzərə çatdırıb. Alimin sözlərinə görə, hazırda Ali Attestasiya Komissiyasında elmi adlar və elmi titulların verilməsi prosesinin müasir dövrün tələblərinə uyğunlaşdırılması və sadələşdirilməsi ilə bağlı müəyyən işlər görülür.
“Dövlətimizin başçısının alim və mütəxəssislərin qarşısında qoyduğu mühüm vəzifələrdən biri də elektron elmin inkişafı ilə bağlıdır”, - deyən R.Əliquliyev Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yanvarın 17-də keçirilmiş iclasında e-elmin müasir vəziyyəti və perspektivlərinin müzakirə olunduğunu, müəyyən tapşırıqların verildiyini deyib.
O, AMEA Rəyasət Heyəti aparatının nəzdində yeni yaradılmış elmi tədqiqatların koordinasiyası şöbəsi haqqında məlumat verib. Bildirib ki, bu şöbə elmin koordinasiyasının təkmilləşdirilməsi, elmi şuraların veb-saytlarının monitorinqi və digər məsələlərin həllində operativ fəaliyyət göstərəcək.
Elmin idarə olunması və koordinasiyası işinin təkmilləşdirilməsi üçün müvafiq informasiya resurslarının yaradılmasının zəruri olduğunu deyən R.Əliquliyev rəhbərlik etdiyi AMEA İnformasiya Texnologiyaları İnstitutunda həm Elmi Tədqiqatların Əlaqələndirilməsi şurası, həm də problemlər üzrə elmi şuraların veb-saytlarının hazırlandığını diqqətə çatdırıb.
Alim problem şuralarının fəaliyyətinin yenidən təşkilinin müasir dövrün tələblərindən olduğunu qeyd edərək, dövlətin elm qarşısına qoyduğu bu və ya digər vəzifələrin həyata keçirilməsində alim və mütəxəssisləri fəal olmağı çağırıb.
Sonra elmi tədqiqatların koordinasiyası şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova çıxış edib. O, 16 elmi problem üzrə elmi şuranın veb-saytının 16 normativ tələbə uyğunluğuna dair aparılmış monitorinqin nəticələrini açıqlayıb, bir sıra göstəriciləri diqqətə çatdırıb.
Daha sonra Rəyasət Heyəti aparatının elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək problem şuralarının fəaliyyətinin tənzimlənməsi və bu məqsədlə Əsasnamənin qəbul edilməsinin vacib məsələlərdən olduğunu bildirib.
Sonda çıxışlar ətrafında müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.